Rio Olimpiadasını başa vurarkən…

Rio Olimpiadasını başa vurarkən…
Olimpiya, Rio-2016
23 Avqust 2016 - 23:02
Daha bir Olimpiadanı geridə qoyduq. 31-ci Yay Olimpiya Oyunları bizim üçün yadda qalan oldu. Gözlənilməz nəticələrlə də üzləşdik, sevincli-kədərli – qarışıq hisslər yaşadıq. Rio-2016-nı Azərbaycan üçün uğurlu saymaq olarmı? Bu yazıda olimpiya komandamızın okeanın o tayındakı çıxışından bəhs edəcəyik.

Kəmiyyətdə rekord, keyfiyyətdə geriləmə

Təbii ki, hər yarışda olduğu kimi, Olimpiya Oyunlarında da uğur qazanılan medallarla ölçülür. Bu, bir ağacın bar verməsinə bənzəyir. Bu dəfə bizim ağacımızın meyvəsi bol oldu. Amma dadı əvvəlki kimi şirin olmadı. Söhbət medalların əyarından gedir. Bəli, 18 medal qazandıq. Bu, yeni rekorddur. Amma kəmiyyət artsa da, keyfiyyət aşağı düşdü. Cəmi 1 qızıl medal qazandığımızdan həm 2000, həm də 2012-ci ildə keçirilən analoji yarışlardan geri qaldıq. Gəlin, müstəqil ölkə kimi qatıldığımız bütün Olimpiadaların əsas statistik göstəricilərinə nəzər salaq:

Atlanta-1996: 1 gümüş, 61-ci yer (23 idmançı)

Sidney-2000: 2 qızıl, 1 bürünc, 34-cü yer (31 idmançı)

Afina-2004: 1 qızıl, 4 bürünc, 50-ci yer (36 idmançı)

Pekin-2008: 1 qızıl, 2 gümüş, 4 bürünc, 39-cu yer (44 idmançı)

London-2012: 2 qızıl, 2 gümüş, 6 bürünc, 30-cu yer (53 idmançı)

Rio-2016: 1 qızıl, 7 gümüş, 10 bürünc, 39-cu yer (56 idmançı)

Qeyd etdiyimiz kimi, medalların sayına görə rekord qeydə alındı. Bunadək maksimum 10 medal əldə olunmuşdusa, Rio-2016-da təxminən 50 faiz artım oldu. Bu rekordun yenilənməsi növbəti Olimpiadalarda çətin olacaq. Bu göstəriciyə görə Rioda 15-ci yeri tutduq. 56 medalçıdan 18-nin fəxri kürsüyə qalxması idmançıların keyfiyyətli çıxışına görə birinci yeri tutmağımıza gətirib çıxardı. Hər halda, bu hesablamanı aparan "Teleqraf" belə yazıb. Əvəzində medalın əyarının ürək açan olmaması ilk "30-luq"da yer alıb, yeni rekordu müəyyənləşdirməyə imkan vermədi.
Rekordlardan söz düşmüşkən, Mariya Stadnik və Xetaq Qazyumov Olimpiadada medalların sayını 3-ə çatdıran ilk idmançılarımız oldu. Stadnikin 2 "gümüş", 1 "bürünc"ü, Qazyumovun isə 1 "gümüş" və 2 "bürünc"ü var. Güləşdə indiyədək ən çox medalı London-2012-də (7) əldə etmişdik. Rio-2016-da əldə edilən 9 medal yeni rekord oldu. Toğrul Əsgərov olimpiya çempionu olduqdan sonra növbəti analoji yarışda "gümüş" qazanan ilk idmançımızdır. Əsgərov bununla da Olimpiadalarda qazandığı uğurlara görə liderlik edən Namiq Abdullayevə şərik oldu. Yeganə fərq ondadır ki, Abdullayev əvvəl "gümüş" (1996), sonra "qızıl" (2000) əldə edib. İlk dəfə 5 növdə (güləş, kayak və kanoe, boks, cüdo, taekvondo) medal əldə olundu ki, bu da rekord göstəricidir. İlk dəfə taekvondo, kanoe və kayakda olimpiya medalı qazandıq. Boksda isə ilk dəfə təmsilçimiz finalda çıxış etdi. Həm "gümüş"ün (7), həm də "bürünc"ün (10) sayında Rio-2016-da rekord qeydə alındı.

18 medala görə 6 milyondan artıq pul

Bildiyiniz kimi, qızıl medal üçün dövlət 400, MOK isə 200 min manat verir. Gümüş medalçılar 200 və 100, "bürünc" sahibləri isə uyğun olaraq 100 və 50 min mükafat alacaq. Buna əsasən 18 medalçının ümumilikdə nə qədər pul mükafatını qazandığını hesablamaq olar. Beləliklə, 2 milyon 800 min manat dövlət, 1 milyon 400 min manat isə MOK tərəfindən paylanacaq. Ümumilikdə 4,2 milyon vəsait Rio-2016-da fəxri kürsüyə qalxanların hesabına yazılacaq. Bunun yarısı qədər - 2,1 milyon isə şəxsi məşqçilərə veriləcək. Belədə Olimpiada üçün ayrılmış mükafat fondu 6,3 milyon manata çatacaq.

Üzümüzü güldürənlər

Son Olimpiya Oyunlarında fərqlənənləri bir daha xatırlayaq. Taekvondoda Radik İsayev fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq, Braziliyada yeganə olimpiya çempionumuz oldu. Cüdoda Rüstəm Orucovla Elmar Qasımov, güləşdə Mariya Stadnik, Toğrul Əsgərov və Xetaq Qazyumov, kanoedə Valentin Demyanenko, boksda isə Lorenso Sotomayor "gümüş"lə kifayətləndi. "Bürünc"ü Sabah Şəriəti, Rəsul Çunayev, Hacı Əliyev, Cəbrayıl Həsənov, Şərif Şərifov, Natalya Sinişin (hamısı güləş), İnna Osipenko-Radomskaya (kayak), Patimat Abakarova, Milad Beiqi Harçeqani (hər ikisi taekvondo) və Kamran Şahsuvarlı (boks) boynundan asdı.

Gürcülərdən geri qalırıqsa...

Son yarış günündə bir anda göyə qalxdıq. Lorenso Sotomayorun finala çıxması öncədən bəlliydi. Həmin gün Toğrul Əsgərovla Xetaq Qazyumov da finala kimi irəlilədi. Ancaq axşam saatlarında 3 zərbə alaraq nokauta düşdük. Onlardan heç biri qızıl medal qazana bilmədi. Halbuki "qızıl"ın sayını dördə çatdırsaydıq, ilk "20-lik"də yer alar və tariximizin ən böyük və möhtəşəm idman uğuru kimi yaddaşlara həkk olunardı. Uğur olmayıbsa, uğursuzları tənqid etmək haqqımızdır. Azərbaycan həm iqtisadi cəhətdən, həm infrastruktur baxımından, həm də insan resursuna görə üstələdiyi Gürcüstandan yekun sıralamada geri qalırsa, buna görə cavab vermək lazımdır. Gənclər və idman naziri Azad Rəhimov legionerlərin yığmalarda yer almasını normal qarşılayır. Ancaq reallıqda bu rüsvayçılıqdan başqa bir şey deyil. Bu sadəcə, acizlik nümunəsidir. Kimə lazımdır Olqa Senyuk (oxatma), Hayle İbrahimov (5000 m qaçış), Evans Kiplaqat (marafon), Anna Skidan (çəkicatma), Yure Meqliç (kanoe-slalom), Yelena Pavluxina (velosiped idmanı, şosse), Aleksandr Aleksandrov-Boris Yotov (akademik avarçəkmə) cütlüyü ki, Rioya turist kimi səfər edib, geri qayıdır. Heç finala vəsiqə də qazana bilmirlərsə, belə əcnəbilərin yerinə gənc yerli idmançıları yığmaya cəlb etmək lazımdır. Heç olmasa, bu, onlar üçün yarış təcrübəsi olar. Bilərik ki, gələcəkdə canı canımızdan, qanı qanımızdan olanlardan uğur gözləyə bilərik. Daha əcnəbini burda bəsləyib, Nicat Rəhimov və Ramil Quliyev kimi istedadları kənara göndərməyə son qoymaq lazımdır. Rəhimovun dünya rekordu qıraraq olimpiya çempionu olması, bəzi şəxslərini tükünü tərpətmirsə, onlara səhv yolda olduqlarını başa salmırsa, deməyə söz tapmırıq. Vallah, billah, başqa ölkələr bizə baxıb gülür ki, heyətlərinin 60 faizi əcnəbidən qurulub. Axı hər şeyin bir həddi-hüdudu var. Hardan və nədən irəli gəlir sizin bu əcnəbi sevginiz? Başqa vaxt Qafqazın liderin ölkəsi olmağımızı fəxrlə iddia edirsiniz. Elə isə indi niyə Gürcüstandan geri qaldınız? Məncə bu sual ətrafında yaxşı-yaxşı fikirləşməlisiniz? Bəlkə fikirləşib doğru yolu tapdınız.

Topu dirəkdən dönənlər

Bizi ən çox məyus edən əksər finallarda təmsilçilərimizin məğlub olması idi. Rüstəm Orucov və Elmar Qasımov qızıl medal qazana bilərdi. Xetaq Qazyumov karyerasını olimpiya çempionu kimi bitirməyə yaxın idi. Ancaq finala kimi uğurlu çıxış edən təcrübəli güləşçi nədənsə həlledici məqamda duruxdu. Mariya Stadnikin təəssüfü isə daha böyükdür. Axı o sona 3 saniyə qalmış qızıl medalı əldən verdi. Stadnikin təəssüf hissləri fonunda başını Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın çiyninə qoyub, ağlaması diqqətdə yayınmadı. Rövşən Bayramov da bizi yandırıb-yaxdı. Axı yunan-Roma güləşçimiz həm idmançı, həm də bir insan kimi olimpiya çempionu olmağa layiq idi. Bayramov yarımfinalda yapona qalib gələ bilərdi. Hesabda da üstün idi. Ancaq cəmi 1 diqqətsizlik, 1 səhv baha başa gəldi və nəticədə "tuşe"ylə uduzdu. Ötən ilin ən parlaq idmançısı seçilən Rəsul Çunayev də olimpiya çempionu olmaq fürsətini əldən verdi. Bəlkə də yersiz həyəcan, psixoloji təzyiq ona finalın bir addımlığında erməni Miqran Arutyunyana qalib gəlməyə imkan vermədi. Milad Beiqi Harçeqani taekvondoda qızıl medala əsas ümidimiz idi. Cənublu soydaşımız son dünya çempionu olmuş iranlı həmkarını qalib gəldikdən sonra titulu əldən verməməliydi. Amma nədənsə Harçeqani britaniyalı taekvondoçuya qarşı inamlı döyüşmədi. Nəhayət, Toğrul Əsgərovun finalda böyük hesabla və cəmi 2 dəqiqəyə uduzması bizi çox məyus etdi. Bütün ölkə gəncəli pəhləvanın çempionluğunu bəlkə də hamıdan çox istəyirdi. Axı Əsgərov bununla da ilk 2 qat olimpiya çempionumuz olacaqdı. Amma bacarmadı. Dediyinə görə, görüşün əvvəlində rusiyalı rəqibinin başıyla endirdiyi zərbədən sonra gözü qaraldığından güləşə bilməyib. Hər halda, o belə deyir. Babalı Toğrulun boynuna...

Bayraqdar timsalında...

Bizi ən çox məyus edən boksçular oldu. Axı ilk dəfə tam heyətlə - 10 kişi boksçuyla Olimpiadaya qatılmışdıq. Özü də onlardan dördü – Elvin Məmişzadə (52 kq), Cavid Çələbiyev (56 kq), Albert Səlimov (60 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) dünya çempionu kimi Olimpiya Oyunlarına qatılmışdı. Maraqlıdır ki, onların heç biri medalçılar sırasına düşə bilmədi. Eyni sözləri bayraqdarımız Teymur Məmmədov (81 kq) haqqında da deyə bilərik. Görünür, London Olimpiadasında qazandığı bürünc medaldan sonra hələ də özünə gələ bilməyib. Boş işlərdən başı açılsa, uğur qazana bilər. Axı Allah bunun üçün ona lazım olan şeyləri – uca boy və uzun qollar verib. Yalnız rinqə çıxıb, rəqibi əzişdirmək lazımdır. Hə, bir də ürəkli olmaq. Hansı ki, həmin ürək Kamran Şahsuvarlıda (75 kq) var idi. O Kamrandan söhbət gedir ki, ilk dəfə Olimpiya Oyunlarında iştirak etməsinə baxmayaraq, bürünc medal qazandı. Boksçuların çıxışı yaxşıca təhlil edilməlidir. Boks Federasiyası məşqçilər korpusundan hesabat tələb etməlidir. Kubalı mütəxəssislər niyə az qala ABŞ-a toplanışa gedən komandayla ciddi uğur qazana bilmədi? Niyə boksçularımız fiziki hazırlıqda əsas rəqiblərindən geri qaldı? Və ən əsası, niyə ənənəvi idman növündə bu qədər əcnəbi əlcək ustası çıxış edir?

Tokio-2020-yə indidən hazırlaşın!

Artıq sabahdan federasiyalar Olimpiadada çıxış edən idmançıları haqqında qəti qərara gəlməlidir. Uğursuz nəticə göstərən əcnəbilərlə dərhal yolları ayırmaq lazımdır. 4 illik inkişaf strategiyası müəyyənləşdirilməli və həmin xətt üzrə hərəkət edilməlidir. Tərtib olunacaq planda bütün detallar nəzərə alınmalıdır. Əlavə xərclərdən, israfçılıqdan qaçmaq labüddür. Mümkün qədər yerli potensialdan istifadə edilməlidir. Klub və cəmiyyətlərin problemləri nəzərə alınmalı, müəyyən məsələlərdə onlara yardım olunmalıdır. İdmançılar ciddi nəzarətə götürülməli, idmandan kənar həyatlarında rejimi pozmalarına imkan verilməməlidir. Bütün komandalarda nizam-intizam birinci şərt kimi irəli sürülməlidir.

Bax, bütün bunlar həyata keçirilsə, o zaman 4 il sonra gündoğar ölkədə üzümüzə gün doğacaq. Qoy, həmişə Günəş üzümüzə gülsün! İdmanımız həmişə irəlidə olsun! Yaponiyada görüşənədək...

CƏFƏR

Digər xəbərlər