DEMYANENKO: "GÜMÜŞ MEDAL MƏNİM ÜÇÜN YAXŞI NƏTİCƏ DEYİL"

DEMYANENKO: "GÜMÜŞ MEDAL MƏNİM ÜÇÜN YAXŞI NƏTİCƏ DEYİL"
Olimpiya, Rio-2016, Digər
18 Avqust 2016 - 18:51



Avarçəkmə üzrə yığma komandamızın idmançısı Valentin Demyanenko Rio-2016 Yay Olimpiya Oyunlarında millimizin aktivinə 10-cu medalı qazandırıb. Supersport.Az saytının məlumatına görə, 1 nəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafədə gümüş mükafat əldə edən milliləşdirilmiş legioner müsahibəsində çempion ola bilmədiyi üçün təəssüfləndiyini söyləyib.

 

- Gümüş medal qazanmağınız münasibətilə təbrik edirik. Təəssüratlarınız necədi?

- Möhtəşəm hisslər yaşayıram. Gərgin yürüş oldu. Bütün rəqiblərim çox güclü idi. Belə alındı ki, ikinci yeri tutdum.

 

- Özünüz yarışdan öncə hansı nəticə qazanacağınızı gözləyirdiniz?

- Olimpiadaya gələn hər bir idmançı “qızıl” qazanmaq istəyir. Elə bir idmançı yoxdu ki, 2-ci və ya 3-cü olmaq istəsin. Hamı qalib gəlməyi arzulayır.

 

- Amma rəqiblərin siyahısına baxanda öz imkanlarınızla bağlı müəyyən fikir formalaşır...

- Bəli, hər kəs siyahıya baxır. Amma finalda öz gücünə əmin olanlar toplaşır. Hərə bir ölkəni təmsil edirdi və özlüyündə qalibdi. Fikrimcə, üzülməyə dəyməz.

 

- Azərbaycana 10-cu medalı siz qazandırdınız. Ölkəmizdəki idmansevərlərə, kanoe və kayakda avarçəkmə ilə məşğul olanlara nə demək istərdiniz?

- İdmanla məşğul olsunlar, çünki idman daim irəli aparır. Bu, ilk növbədə sağlamlıqdı. Bu idman növü intizam tələb edir, hər şeyi vaxtında etməyi, məsuliyyətli olmağı öyrədir.

 

- Dünya və Avropa çempionatlarında iştirak etmisiniz. Onlarla müqayisədə Rio-2016-ya nə dərəcədə hazır idiniz?

- Yarışa 100 faiz hazır idim və bütün hazırlığımı yürüşdə qoydum.

 

- Sizin üçün “gümüş”ü də yaxşı nəticə hesab etmək olarmı?

- Mənim üçün yox. 15 ildi bu idman növü ilə məşğul oluram. Az qala ömrümün yarısını idmana vermişəm.

 

- Tokioda “qızıl” qazanacağınıza ümid edirsinizmi?

- 200 metr məsafəyə kanoe yarışları Olimpiya proqramından çıxarılır. Ya başqa yarışa keçməliyəm, ya da karyeramı bitirməliyəm. Bu barədə düşünəcəm.

 

- Bəs indi nə haqda fikirləşirsiniz?

- İndi ilk növbədə evə getmək haqda düşünürəm. Ondan sonra karyeramla bağlı bir qərara gələ bilərəm.

 

- Evə gedəndə ilk edəcəyiniz nə olacaq?

- Atamı, anamı, doğmalarımı görmək istəyirəm.

 

- Onlarla artıq danışmısınızmı?

- Daim əlaqədəyik. İndi də gedib onlara zəng vurmaq istəyirəm.

 

 

Səmayə MƏMMƏDOVA

AGİN, Riodan

Digər xəbərlər