“Qarabağ” azarkeşləri sevindirməyə çalışacaq” - Video

“Qarabağ” azarkeşləri sevindirməyə çalışacaq” - Video
Futbol, Video
16 Avqust 2022 - 13:00
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya" ilə ev oyunu öncəsi mətbuat konfransı keçirib.


Supersport.Az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.

- Qruplara düşməyimiz üçün son sınağımızdır. Fərqli komandalara qarşı oynadıq. Bu komanda digərlərindən tam fərqlənir. Çexiya futbolunu hər zaman oyun intizamına görə digərlərindən fərqləndirmişəm. Oyunlarına baxırıq, sevə-sevə verilən tapşırıqları yerinə yetirirlər. Atletik futbol öndədir. Fiziki göstəriciləri üstün olan futbolçuları var. Hər bir halda biz bu cür komandalara qarşı oynamışıq. Böyük ehtimalla bu oyunda daha çox güc sərfəli etməli olacağıq. Futbolçularım həm Bakıda, həm də Plzendə çox dözümlü olmalıdılar. İnanıram ki, bunu bacaracaqlar. Çalışacağıq ki, son sınaqdan faydalı istifadə edək və azarkeşlərimizi yaxşı oyunla, mübarizə ilə sevindirək. Hiss olunur ki, oyuna maraq çox böyükdür. Vəzifəmiz azarkeşlərimizin inamını qoruyub-saxlamaqdır. Futbolçularımla birlikdə daha bərk kollektiv olmağa çalışırıq. İnanıram ki, azarkeşlərimizi razı sala biləcəyik.

- 6 il əvvəl də "Viktoriya" ilə qarşılaşmışdınız. Bu müddətdə "Qarabağ" və Qurban Qurbanovda hansı dəyişikliklər olub?

- Bəli, bu komanda ilə oynamışıq və mərhələ adlayan tərəf onlar olmuşdu. Yaxşı xatırlayırıq, çox qol imkanlarımız yaranmışdı. Amma onlar ələ düşən imkandan yararlanaraq qol vurdular. Hər oyun mənim və komandam üçün böyük addımdır. İldən-ilə təcrübəmiz artır. Amma yenə də hamımız üçün çox azdır. Daha çox təcrübə toplamalıyıq. Böyük təcrübə də bu oyunlarda qazanılır. Çempionlar Liqasında gərginlik, həyəcan digərlərindən çox olur. Azarkeşlər də istəyirlər ki, komandamız qrupda yer alsın. Bu da məsuliyyətimizi artırır. Belədə həyəcan da çox olur. Əvvəlki illərə nisbətən daha soyuqqanlı davranırıq və təcrübəmiz hiss olunur.

- "Qarabağ" əvvəl uduzduğumuz komandalarla oyunlarda sanki sindromu qırıb. İndiyə qədər heç bir komadamız Çexiya klubuna qalib gələ bilməyib. Özünüzü bu sindromu da qırmağa hazır hesab edirsiz?

- Bu il gərgin oyunlarımız çox oldu. İlk turdan Polşa, İsveçrə daha sonra Macarıstan çempionu ilə qarşılaşdıq. Bizə həmişə yuxarıdan aşağı baxıblar düşüncəsində olmaq istəmirəm. Ümumi illik hazırlığımız, planlarımız var. Amma mən həmişə futbolçularıma arxayın olmuşam. Onlara rəqibi tanıtdıqda, çox diqqət və istəklə bunu qarşılayırlar. Futbolçularımla birlikdə daha bərk, daha möhkəm olub, xarakter göstərərək "Viktoriya"ya qarşı yaxşı oyun göstərəcəyik. Baş məşqçinin müsahibələrindən görünür ki, sistemdə bəlkə dəyişiklik edib, fərqli oyun göstərdilər. "Viiktoriya" meydanboyu oynamağı xoşlayan komandadır. Futbolçuların meydanda oyunun gedişatında düzgün düşünməsi, düzgün hiss etməsi, bizim qələbəmizdə böyük rol oynayacaq. Bunu etsələr, yaxşı nəticə əldə edə biləcəyik. "Viktoriya"dan istənilən an təhlükəli vəziyyət gözləmək olar. Əks-hücumları və standart vəziyyətləri təhlükəlidir. Bundan da istifadə etməyi bacarırlar. Altı oyunda 15 qol vurublar, 8-ni oyun epizodundan, 7-ni standart vəziyyətlərdən. Bu komandaya qarşı elə edəcəyik ki, bizim zonamızda az olsunlar ki, standart vəziyyətlər də çox olmasın. Detallar var, onları burada açıqlamaq düzgün olmaz.

- Siz oynayan vaxt da isti hava üstünlüyümüz idi?

- Hamımız bilirik ki, təbiətdə pis hava olmur. İnanın ki, Bakının istisi mənə həmişə xoşdur. Ümumiyyətlə, təkcə oyunda yox, isti havada mövsümboyu məşq etmək bizdən əlavə enerji alır. Avropa iqliminin Avropa futbolunun üstünlüyü də iqlimidir. Az müddətdə isti havada hazırlaşırlar. İstər-istəməz isti havada istədiyimiz sürət olmur. Bu da hər bir futbolçu üçün geriyə addım deməkdir. Avropa ilə müqayisədə belədir. O ki, qaldı istinin təsirinə, digər komandalar daha hazırlıqlı gəlirlər, nəinki biz. Dediyim iqlim şəraitində hazırlaşırlar və futbolçularına yükləmə verə bilirlər. Rəqiblər 1-2 günlük istiyə daha hazırlıqlı olurlar. İsti havada hazırlıqlı olmayan futbolçu üçün daha təsirli olur. Müəyyən addımlar atırıq ki, məşqlərimizi gec saatlarda edək. Bizə əlavə güc verən azarkeşlərimiz var. Yorğunluğu onkların köməkliyi ilə aradan qaldırırıq.

- İlk oyunun Bakıda keçirilməsinin hansı üstünlüyü ola bilər?

- Futbol elə səviyyəyə gəlib ki, artıq ev-səfər amili yoxdur. Futbolçuların təcrübələri artıb. Üstünlük odur ki, öz meydanında oynadığın zaman azarkeşlər səni dəstəkləyir. İlk oyunun üstünlüyü rəqibi daha yaxından tanımaqdır. Son vaxtlar ilk görüşün harada keçirilməsinə önəm vermirik. Çünki istənilən halda hər iki matçda rəqibə qarşı hazırlaşmalısan. Bu mövsümdəki nəticələr də göstərir ki, birinci görüşün Bakıda baş tutması bizim üçün faydalı olub. Yalnız xırda detallarla fərqlənir.

- Biletlərlə bağlı azarkeşləri müəyyən narazılığı var. Onların könlünü necə almağı düşünürsünüz?

- Azərbaycanda futbola maraq artıb. Bu maraq sevindiricidir. Azərbaycanda azarkeşlər var, bizdə futbolu sevirlər. Sadəcə onları küsdürmək olmaz. Bizim əlimizə futbolumuzu inkişaf etdirmək üçün şans düşübsə, bundan maksimum istifadə etməliyik. İşimizi elə qurmalıyıq ki, azarkeşlərin futbola sevgisi davam etsin. Bu epizodlara görə onları ancaq alqışlayıram. Özümün və komandamın adından təşəkkür edirəm. Mən narazılıq deməzdim, ürəkdən gələn bir şeydir. Çox istərdim ki, onların hamısı stadionda olsun. 30 min azarkeş stadionda baxırsa, digərləri restoranlarda, monitorlarda, evlərində izləyirlər. Mən bunu da canlı izləmək hesab edirəm. İnşallah, gələcəkdə çempionatımız yaxşı səviyyəyə gəlib çıxar və daxili birincilikdə də azarkeşlərimiz çox olar. Əgər klub tərəfindən hər hansı bir çatışmazlıq olubsa, üzürlü saysınlar. İmkanım olsa, bütün futbolçuları meydana buraxardım. Hamısı çox yaxşı hazırlaşır. Eləcə də 30 mindən artıq azarkeşin oyuna gələ bilməməsinə üzülürəm. Futbolumuzun sevilməsi, inkişafı üçün bu hallar təkan olacaq.

- "Qarabağ" 6 oyunda 14 qol vurub, amma az da qol buraxmayıb. Müdafiə xətti narahatlıq doğurur. Sanki stabillik çatmır. Qarşıda qrup mərhələsi gəlir. Müdafiə xətti ilə bağlı nə düşünürsünüz? Transferlər olacaq? Bu müdafiə ilə nəhəng komandalara qarşı nəyə ümid edə bilərik?

- Biz az qol buraxaq, amma daha çox qol vurub qalib gələk. Futbolda çox hücumda olursansa, mütləq müdafiəndə boşluqlar görünür. Amma inan ki, bu gün top komandalar belə boşluqlar verir. Son vaxtlarda göstərdiyimiz oyun bu cür qolların buraxılmasında rolu daha böyükdür. Biz çox qapanmaq istəmirik. Çalışırıq ki, oyunu rəqib meydanında quraq. Çox vacib olan stabil nəticədi. Oyunda istənilən futbolçu texniki səhv edir. Futbolçuardan, müdafiə xəttindən razıyam. Məni narahat edən hər bir xətdə texniki səhvlərdi. Bu da qaçılmazdır. Amma onların mübarizəsi, qarşısındakı hücumçudan çəkinməməsi məni sevindirir. Mən bu gün müdafiəçilərdən razıyam. Bu gün komandaya müdafiəçi götürmək fikrim yoxdur. Çempionlar Liqasında oynasaq da, orada oynamaq bu müdafiəçilərin haqqıdır. Onlarin titullu komandalara qarşı oynaması millimiz üçün də faydalıdır. Amma bütün yerlərimizi legionerlərlə tamamlasaq, bizim futbolçular da kənarda qalsa...Onların bu dəqiqə inkişaf vaxtıdır. Bəhlul Mustafazadənin Avropada neçə oyunu var? Nəyisə bəzən qurban verməliyik ki, onları əldə edək. Onlardan razıyam. Daha yaxşı oynayacağından şübhə etmirəm.

- Bu gün hamı "Qarabağ"ın Çempionlar Liqasının qrupuna düşməsini gözləyir. Belədə, sizin üçün psixoloji təzyiq yaranır?

- Düşünmürəm ki, bizdən bunu gözləyirlər. Hiss edirəm ki, insanlar Çempionlar Liqasının qrupuna düşməyimiz üçün arzu və dua edir. Bu, mənə və futbolçularıma böyük məsuliyyət verir. Futbolçular da bilir. Hamımız gözləyirik. Bu, məni həyəcanlı və məsuliyyətli edir. Bir az həyəcan varsa, demək ki, məsuliyyətdi. Allah qoysa, inanıram ki, hamımız birlikdə sevinmək üçün hər şeyi edəcəyik. Allah qismət etsə, bunu əldə edəcəyik.

Digər xəbərlər