AFFA-dan növbəti şok fakt: Komitə üzvü vəzifəsindən sui-istifadə edib

AFFA-dan növbəti şok fakt: Komitə üzvü vəzifəsindən sui-istifadə edib
Futbol, Eksklüziv
30 İyun 2022 - 16:16
Supersport.Az bir müddət əvvəl başa çatan futbol üzrə Azərbaycan çempionatıyla bağlı araşdırma apararkən şok fakt aşkarlayıb.

Statistikaya əsasən, əldə etdiyimiz məlumatı diqqətinizə çatdırmağı özümüzə borc bilirik.

Məsələ burasındadır ki, AFFA hakim-inspektorların təyinatına cavabdeh olan komitə üzvü Vüsal Əliyev vəzifəsindən sui-istifadə edərək I divizionda baş tutan 26 turun 19-da hakim-inspektor kimi iştirak edib. Bu, bütün turların 75 faizi deməkdir. Bugünədək Azərbaycan futbol tarixində belə rəqəmə rast gəlinməyib. Bununla da komitə üzvü vəzifəsindən sui-istifadə edərək rekorda imza atıb. Ardıcıl olaraq 5 tur o, özünü hakim-inspektor kimi I divizion oyununa təyin edib.

2 tur. "Keşlə-2" – "Sabah-2"
3 tur. "Neftçi-2" – "Qaradağ Lökbatan"
4 tur. "Qaradağ Lökbatan" – "Keşlə-2"
5 tur. "Keşlə-2" – "Qarabağ-2"
6 tur. "Qəbələ-2" – "Zirə-2"

Yarışı keçirən təşkilat olaraq Peşəkar Futbol Liqası rəhbərliyi nədən bunu görməməzliyə vurub, bilinmir. Keçirdiyi turnirə nəzarət olunmursa, belə qurum nəyə lazımdır? Ədalətsiz komitə üzvləri olduğu halda ədalətli hakim yetişdirmək mümkün deyil.

AFFA-da vəzifələrindən sui-istifadə edənlərdən avstriyalı Frits Ştüxlik, Elçin Məmmədov yola salındı. Onlarla bərabər komitə üzvlərindən Vüsal Əliyev, Babək Quliyev, Anar Salmanov və Ömər Paşayevin də fəaliyyətinə son qoyulmalıdır. Bunu artıq AFFA və PFL rəhbərliyi başa düşməlidir. Komitəyə adı mənfi hallanmayan ədaləti qoruyan insanlar, peşəkarlar gətirilməlidir. Yalnız o halda hakimliyin inkişafından söhbət açmaq olar.

Qanunsuz, ədalətsiz əməlləri çox olan AFFA-da həmin komitə üzvləri 44 günlük Vətən müharibəsinin qazisi Taleh Məmmədovu heç bir səbəb olmadan hakimlikdən uzaqlaşdırıb. Onlar komitədəki maliyyə fırıldağını aşkara çıxaran futbol veteranı, təcrübəli mütəxəssis Şahin Cəfərovu inspektorların sırasından kənarlaşdırıblar. Bunlarla kifayətlənməyən həmin komitə üzvləri haqqı söylədiyinə görə Nahid Əliyevi premyer-liqadan I diviziona salıb. Ruhulla Kərimov, Rəhim Həsənov, Səbuhi Bayramovla yanaşı, digər şəxslərə qarşı da ədalətsiz qərar veriblər və onları sevdiyi peşələrindən küskün salıblar. İndiki komitə üzvləri yalnız özlərini düşünürlər və şəxsi maraqlarını güdürlər. Onu da bildirək ki, veteran futbolçu, hakim-inspektor Asim Xudiyev, Orxan Məmmədov, Zöhrab Qədiyev, Feyzulla Feyzullayev, Əmrah İbrahimovun premyer liqa və I divizion oyunlarına aldığı təyinatların cəmi 19-a çatmır.

Hakimlər Komitəsi üzvlərinin ədalətsiz qərarları göz önündədir. Qanunsuzluq etmək, vəzifədən sui-istifadə həm haqsızlıq, həm də cinayətdir.

Mübariz

Digər xəbərlər