Məharət vaxtı

Məharət vaxtı
Futbol, Tribuna, Yazarlar
11 İyun 2021 - 11:11
Mahir Emreli indi öz məharətini Polşada nümayiş etdirməli olacaq: onun “Qarabağ”dan “Legiya”ya transferi rəsmiləşdi. Buna bəlkə də heç kim inanmırdı. Nə jurnalistlər, nə azarkeşlər…

Məlum məsələdir, azərbaycanlı futbolçular xarici klublarda çıxış etməyə həvəsli deyillər. Bunun da səbəbi sirr deyil: onlar ölkədə digər peşə sahiblərinin əksəriyyətindən çox qazanırlar.

Avropa kuboklarının qrup mərhələlərində fərqlənə bilməsə də, “Qarabağ”ın Çempionlar Liqasında çıxış etməsində o vaxt 20 yaşı olan Mahirin də əməyi vardı. 2017-ci ildə “Kopenhagen”lə ilk oyunda onun vurduğu qol “Qarabağ”a qələbə qazandırmış (1:0), cavab oyununda ağdamlılar 1:2 hesabı ilə uduzsalar da, qrup mərhələsinə çıxa bilmişdilər.

Ondan sonra Mahir avrokubokların ələmə mərhələlərində “Dandolk” və APOEL, “Sileks” və “Şerif”i məyus edə bilib.

2017-2018 mövsümündən başlayaraq Mahir Azərbaycan premyer liqasında ya mövsümün bombardiri, ya da ən sərrast oyunçularından biri olur. Bu ilin aprelində “Qəbələ”yə 5:0 hesabı ilə qalib gəldikləri oyunda 71-ci dəqiqədə meydana çıxdıqdan sonra iki dəqiqə ərzində het-trik etməyi bacarıb.

Bununla belə, Mahir Azərbaycanda son illər çox tənqid olunan futbolçudur. İstər “Qarabağ” olsun, istər Azərbaycan millisi uduzur – günahkar Mahir Emrelidir, qol vurulmur – yenə onun günahıdır.

Xüsusilə də ötən il UEFA Millətlər Liqasında Lüksemburqla oyunun 25-ci dəqiqəsində qırmızı vərəqə alması və nəticədə Azərbaycan millisinin 1:2 hesabı ilə məğlubiyyətindən sonra tənqidlər pik həddə çatmışdı.

İndi qapadılmış “Bakı” klubunun yetirməsi olan Mahir yeniyetmə vaxtlarında “Atletiko” və “Lans”ın düşərgəsində də təcrübə keçib. Başla oyun, təkbətək mübarizələrdən qalib ayrıla bilməsi, qol duyumu onun üstün cəhətləridir. İngiliscə də bilməsi onun “Legiya”ya tez adaptasiya olmasına kömək edə bilər.

Ümumiyyətlə, ulduzu parlayandan Mahirin adı bir çox klubla hallanıb. Onların arasında “Beşiktaş” da olub, İspaniyanın “Malaqa” və “Ekstremadura” klubları da. Bu ilin əvvəlində mətbuatda Avstriya “Şturm”unun da onu transfer etmək istədiyi barədə məlumat vardı.

Amma Mahirin “Qarabağ”dan məhz “Legiya”ya keçəcəyinə heç kim inanmırdı. Çünki son 7 mövsümdə mütəmadi olaraq avrokubokların qrup mərhələsində oynamış “Qarabağ” son 4 mövsümdə Avropada qrup mərhələsinə çıxa bilməyən “Legiya”dan daha üstün klub sayılır.

Həm də 2010-cu ildən başlayaraq Azərbaycan və Polşa təmsilçilərinin avrokuboklardakı 5 mübarizəsinin 4-də azərbaycanlılar qalib ayrılıb. O cümlədən 2020-ci ildə “Qarabağ” məhz Polşada “Legiya”ya 3:0 hesabı ilə qalib gələrək Avropa Liqasının qrupuna düşüb.

Mahir Emrelidən əvvəl də Polşada azərbaycanlı futbolçular çıxış edib. Anar Kələntərov 1997-ci ildə “Çuvay” komandasının oyunçusu olub. Ruslan Məcidov 2006-cı ildə “Vidzev”in (Lodz) qapısını qoruyub. Saşa Yunisoğlu 2007-2008-ci illərdə “Diskoboliya” və “Poloniya”nın heyətində yer alıb. Fuad Bayramov isə 2021-ci ildən “Ostrovets” klubunda oynayır.

Onlardan əvvəlsə Azərbaycan futbolçusu Yuri Kuznetsov hələ sovet dövründə – 1970-1971-ci illərdə Varşava “Qvardiya”sını çalışdırıb.

Ümumiyyətlə, “Qarabağ” avrokubokların daimi iştirakçısı olsa da, transfer bazarında satış baxımından fəal iştirakçı deyil. Mahir Emrelidən əvvəl “Qarabağ”dan yalnız Vaqif Cavadovun 2010-cu ildə “Tvente”yə, 2017-ci ildə Reynaldonun Türkiyə “Adanaspor”una, Riçard Almeydanın 2018-ci ildə Qazaxıstan “Astana”sına keçidi Azərbaycanda səs-küyə səbəb olmuşdu.

Mahir Emreli, nəhayət, tilsimi qırdı, Avropaya üz tutdu. Bəs indi növbə kimindir?

Rasim Mövsümzadə

Digər xəbərlər