Azərbaycan futbolu "boğulur"

Azərbaycan futbolu "boğulur"
Futbol, Tribuna, Yazarlar
09 Avqust 2018 - 00:15


Supersport.Az mütəxəssis Tahir Süleymanovun futbolumuzun hazırkı vəziyyyəti ilə bağlı fikirlərini təqdim edir.

Qol, budaq, yarpaq...Heç ağac da yada düşmür. Ağacın kökü isə çoxdan unudulub, unutdurulub...

BATE məğlubiyyəti müzakirə edilir. Oyundan sonra fikir bildirməyə nə var ki?!
İctimai nəzarət deyilən anlayış var. Belaruslular komanda sayılmırdı, "bomba" partlayandan sonra BATE "bomba" komanda olub artıq...

Oyun günü səhər 9-da axşam 21.00-da başlayacaq görüşün hansı məcrada keçəcəyini geniş təhlil etmişdim...
Azarkeş emosional fikirini bildirə bilər. Bu onun haqqıdır. Digərləri buna yol verməməlidir. Elə cəmiyyət arasında üzdən yanaşmanın da səbəbləri budur. Əksər azarkeşləri yanlış düşüncəyə təhrik edən, dərin təhlillər aparmaq əvəzinə futbolda olan problemləri "unutduran"lardır. Bəzi mütəxəssislər də futbolun problemlərini "unudub" "bomba" partlayandan sonra "bomba" fikirlərlə necə oynamaq lazım olduğunu bildirirlər...

İlk görüş bitib artıq. Tutarlı analizlər oyundan öncə olmalı idi. Bunun üçünsə məsuliyyət, təhlil qabiliyyəti lazımdır. Belədə azarkeş də eyforiyaya qapılmaz, reallığı nəzərə alar, ümumi fikir yaranar və "Qarabağ"a, məşqçi, futbolçulara da müsbət təsiri dəyər, daha ayıq tərpənərdilər. "Fikirlərim düz çıxmaz" düşüncəsi, 1-2 cümlə ilə millət niyə aldadılır?! Oyundan sonra isə "bağ belə, bostan belə" nağılları başlanır...

XXI-ci əsrdə yaşayırıq. Bir çox azarkeşlərin real duruma uyğun fikirləri bəzi futbolda olanların "təhlil"lərindən daha samballı, daha möhtəşəmdir. Belə fikirləri oxuyaraq sabaha ümid daha da artır. Deməli müasir azarkeşlərin əksəriyyəti futbolu bilir, yaxşını pisdən ayırd edir, futbolun ümumi durumunu gözəl anlayırlar. Və bunları kömək olmadan, öz fikirləri ilə edirlər. Təsəvvür edin, futbola münasibət, doğru yönləndirmə olsaydı necə olardı?!
Futbol, ümumi təhlil qalıb kənarda, indi də bir səhv epizodun üstündə hamı qarışıb bir-birinə.
Epizodda səhv olmasaydı futbol düzələcəkdi?!

Görüş 90 dəqiqə oynanılır, bir səhvi qollarla da cavablandırmaq olur...

Azərbaycan futbolunda yerini səhv salanlar isə qazandıqları milyonlarla istirahətə çıxıblar.
Dünən "Qarabağ"ı önə çəkib "futbolumuz inkişaf edir" deyənlərə elə cəmiyyət arasında belə "müzakirə"lər lazımdır. Yoxsa BATE-nin heyətinin 90% yerli futbolçulardan ibarət olması müzakirələri sərf etməz. "2005-2015 Dövlət Proqramı" qəbul ediləndə 5-10 yaşlı uşaqlar artıq 18-23 yaşlarındadır. Görəsən Azərbaycan futboluna yatırılan vəsaitin neçə faizi ilə Belarusun yerli futbolçuları 25 min azarkeş önündə, legionerlərdən ibarət komanda qarşısında at oynadırdılar. O azarkeşlər ki, 1-2 manata bilet alıb 30 qəpiklik metro, avtobus dərdi çəkirlər. Belaruslu yerlilər meydanda at oynatsın, 10 ildən çoxdur futboldakı "səhv"lər isə qazandıqları milyonlarla istirahətdə at çapsınlar.

"Qəbələ" əvəzedicilərini ləğv edib mənasız "konsepsiya"ya üsyan etsin, "Qarabağ" daxil heç bir klub dəstək verməsin. "Şura"laşmış futbolumuzu Malta, Lüksemburq, Macarıstan klubları top əvəzi çiləsin, millət də ümidlə "Sevilya", PSV-ni arzulasın...

Azərbaycan futbolu "boğulur", nəfəs ala bilmir artıq. Səhv edənlər problem deyil, bilərəkdən qlobal səhvləri "görməmək" problemdir. Yarpaq, ən yaxşı halda qol-budağın müzakirələri "sərfəlidir". "Epizod"lara başlar qarışsın ağacın kökü yaddan çıxsın.
Bölgə torpaqları da artıq şoranlaşıb, bar verən ağac əvəzinə kol-kos bitir. "Şoran"lıqda var-dövlət sahibi olanlar isə palma ağacları ətrafında öz keflərindədirlər.
Azərbaycan futbolunun problemləri bir oyunun epizodik səhvlərində deyil, münbit futbol torpaqlarını şoranlığa çevirənlərdədir.

Qarşıdan payız gəlir. Bir azdan müzakirə etməyə heç yarpaq da qalmayacaq, hamısı saralıb yerə töküləcək...

 


Digər xəbərlər