"Sabah"ın yeni baş məşqçisi Viktor Qançarenka ola bilər - Eksklüziv

Supersport.Az-ın əldə etdiyi məlumata görə, Avropa Liqasında təmsilçimiz "Sabah" Futbol Klubunun yeni baş məşqçisi Viktar Qançarenka ola bilər.
Məşhur mütəxəssisin məşqçilik karyerası uğurlu nəticələrlə zəngindir.
Supersport.Az saytına bildirilib ki, UEFA Avropa Liqasında Sloveniyanın "Çelye" komandasıyla qarşılaşacaq "Sabah" klubu yaxın günlərdə təcrübəli mütəxəssis Viktor Qonçarenkoyla 2-3 illik müqavilə imzalaya bilər.
48 yaşlı V.Qonçarenko sonuncu dəfə Rusiya premyer liqasını 13-cü pillədə bitirən "Pari Nijniy Novqorod" klubunun baş məşqçisi olub. Belaruslu Qançarenka 1 illik müqaviləsi qalsa da, bu il iyunun 11-də komandadan ayrılıb. "Pari" bu mütəxəssisə təşəkkür edib və uğurlar arzulayıb.
Qeyd edək ki, Viktor Qonçarenko Belarusun BATE klubunu 2008-ci ildə UEFA Çempionlar Liqasının qrup mərhələsinə çıxarmaqla məşhurlaşıb.
2008-də Qonçarenko dünyanın ən yaxşı klub məşqçisi siyahısında 17-ci yeri tutub.
Belarus klubu beş dəfə Avropanın ən güclü klub turnirinin qrupunda çıxış edib. V.Qançarenka həmçinin Rusiyada "Kuban", "Ural", "Ufa", SSKA Moskva və "Krasnodar" klublarının baş məşqçisi olub.
Viktor Qonçarenko ümumilikdə məşqçi kimi 650 matçda 327 qələbə qazanıb, 150 heç-heçə edib, 173 dəfə məğlub olub. Qələbə faizi 50.31-dir.
Viktor Qonçarenko bir neçə dəfə şərtlərini qəbul etməyən Bakının "Neftçi" klubuna gəlməkdən imtina edib.