Ağasəlim Mircavadov "Sabah"ın vəziyyəti ağırdır" dedi, rəhbərliyini tənqid etdi

Ağasəlim Mircavadov "Sabah"ın vəziyyəti ağırdır" dedi, rəhbərliyini tənqid etdi
Futbol, Eksklüziv, Tribuna
389
17 İyun 2025 - 22:33

Supersport.Az-ın müxbiriylə söhbətində Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov "Sabah" Futbol Klubunun rəhbərliyini tənqid edib:


"Sabah" Vasili Berezutskinin baş məşqçiliyi dövründə tarixi uğur - ölkə kubokunu qazandı. Klub rəhbərliyinin titul qazanan məşqçini yola salması təəccüblü oldu".


Təcrübəli mütəxəssis deyib ki, Avropa Liqasında ölkəmizi təmsil edəcək komandanın baş məşqçisiz qalması mənfi durumdur:


"Sabah" hazırda baş məşqçisizdir, ağır vəziyyətdədir, tez-tez məşqçi dəyişir və bu, yaxşı əlamət deyil. Rəhbərlik vaxtında düzgün düşünərək doğru atmalıydı. Avropa Liqasında ilk oyunun keçirilməsinə üç həftə qalıb ki, vaxt azdır. Yeni baş məşqçi gələndə Azərbaycan futbolunu, komandanı tanımaq üçün vaxt istəyəcək". 


Mircavadov, "Sabah" başsız qalıb, "Çelye" də Avropa yarışlarında təcrübəyə malikdir. Bu halda, nəyəsə ümid etmək olar?" sualını cavablandırıb.


"Yuqoslaviya vaxtilə idmana xüsusi diqqət yetirirdi, futbol birinci sırada gəlirdi, uğurlar da olurdu. Həmin ölkədə hər məhəllədə futbol meydançaları vardı. Yuqoslaviya 6-7 yerə parçalandı. Sloveniya da həmin ölkənin tərkib hissəsi olub və hazırda bu ölkədə futbola xüsusi önəm verilir və komandaları Avropa yarışlarında uğurlar qazanırlar. Təkcə bir faktı vurğulayım ki, "Çelye" klubunun ötən mövsüm UEFA Konfrans Liqasının 1/4 final mərhələsində mübarizə aparması Sloveniya futbolunun hansı səviyyədə olduğunu göstərir. Qeyd etdiyiniz, rəqibin güclü olması məqamlarına baxmayaraq, həvəsdən düşmək olmaz. Hər zaman ümidlə yaşamaq lazımdır, bu, itirilməməlidir. "Sabah" klubunun rəhbərliyinin infrastruktur qurulmasına, uşaq futboluna, yerli futbolçuların yetişdirilməsinə diqqət yetirməsi müsbət məqamdır. Ancaq əsas komandada tez-tez məşqçi dəyişmək, ağır vəziyyətə salınacaq addımlar atılması mənfi işdir".


Qeyd edək ki, "Sabah" Futbol Klubunun rəhbərləri Maqsud Adıgözəlovla Balakişi Qasımovdur.




Digər xəbərlər