"Qarabağ" yeni rekordla "Neftçi"ni geridə qoydu

Futbol
315
24 Aprel 2025 - 15:31
Supersport.Az-ın məlumatına görə, "Qarabağ" Azərbaycan Kubokunda yeni rekorda imza atıb. Ağdam klubu tarixində 12-ci dəfə turnirin finalına yüksəlib.
Qurban Qurbanovun baş məşqçisi olduğu Ağdam komandası yarımfinalda "Araz-Naxçıvan"ı mübarizədən kənarlaşdırıb – 0:1, 3:0. Bununla da 12-ci dəfə finala vəsiqə qazanan "Qarabağ" 11 dəfə buna nail olan "Neftçi"ni geridə qoyub.
Ağdam təmsilçisi əvvəlki 11 finalın 8-də - 1993, 2005/06, 2008/09, 2014/15, 2015/16, 2016/17, 2021/22, 2023/24 mövsümlərində kuboku qazanıb. Üç dəfə - 1995/96, 1997/98 və 1999/2000 mövsümlərində finalda uduzub (PFL).
"Qarabağ" mayın 31-də Sumqayıtda keçiriləcək növbəti final oyununda "Sabah"la qarşılaşacaq.