"Sabah"ın idarəçisi Balakişi Qasımov yenə rusiyalı məşqçi axtarır - Eksklüziv

Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Sabah" Futbol Klubu yenidən ənənəsinə sadiq qalaraq məşqçi axtarır.
Azərbaycan Premyer Liqasında bərbad çıxış edən Bakı komandası ölkə kubokunun finalçısı olub. Sumqayıtda keçiriləcək final matçında "Qarabağ"la qarşılaşacaq "Sabah" bu ərəfədə yeni baş məşqçi gətirmək üçün hərəkətə başlayıb. Hazırda Sabah klubunu 42 yaşlı rusiyalı təcrübəsiz baş məşqçi Vasili Berezutski çalışdlrır. Azərbaycan klubunun rəhbərliyi Rusiya premyer liqasının iştirakçısı olan bəzi klubların mütəxəssisləriylə maraqlanır.
"Sabah"ın idarəçilərindən biri, AFFA-nın vitse-prezidenti, İTV-nin baş direktoru Balakişi Qasımovun rusiyalı məşqçilərlə danışıqlar apardığı bildirilir. Məhz Vasili Berezutskini də Balakişi Qasımov gətirib. Berezutskili "Sabah" "Qarabağ"ı məğlub edib kuboku qazancağı təqdirdə belə baş məşqçinin göndəriləcəyi ehtimal olunur.
Qeyd edək ki, "Sabah" 8 illik tarixində baş məşqçiləri əlcək kimi dəyişib, indiyə kimi 13 əcnəbi bu klubda çalışıb.