Eksklüziv: AFFA milli komandaya Abdullah Avcını baş məşqçi təyin edə bilər

Supersport.Az portalının əldə etdiyi məlumata görə, AFFA rəhbərliyi Azərbaycanın futbol yığmasına yeni baş məşqçi axtarışını davam etdirir.
Qurum rəsmiləri, milli komanda bərbad çıxış etdiyi üçün portuqaliyalı Fernando Santuşu istefaya göndərə bilər.
70 yaşlı Santuşun başçılığı dövründə Azərbaycan yığması 8 oyunun 7-də məğlub olub, qələbəyə həsrətdir, UEFA Millətlər Liqasının D liqasına yuvarlanıb.
Supersport.Az-a verilən məlumatda AFFA-nın milliyə baş məşqçiyə namizədlər siyahısında 61 yaşlı türkiyəli mütəxəssis Abdullah Avcının da olduğu bildirilib. Bir neçə ay əvvəl qurum bu məşqçiylə anlaşmasa da, yenidən danışıqlar aparır.
A.Avcı məşqçilik karyerasına "İstanbulspor"da başlayıb.
Abdullah Avcı 2004-cü ildə Türkiyə U-17 milli komandasının baş məşqçisi oldu. Bu mütəxəssisin rəhbərliyi altında komanda böyük uğurlar qazandı və 2005-ci ildə UEFA U-17 Avropa Çempionatının qalibi olub və həmin il dünya çempionatında dördüncü yeri tutub.
Abdullah Avcının məşqçilik karyerasında ən parlaq dövrlərdən biri 2014-2019-cu illərdə "Başakşehir"də olub və klub tarixində ilk dəfə Avcının rəhbərliyi ilə Türkiyə Super Liqasının qalibi adını qazanıb.
2019-un iyununda "Beşiktaş"a baş məşqçi təyin olunan A.Avcı, komandası ölkə kubokunda mübarizəni erkən dayandırdığı üçün 2020-nin yanvarında istefaya göndərilib.
2020-ci ilin noyabr ayında "Trabzonspor"un baş məşqçisi təyin olunan Abdullah Avcı 2021/2022 mövsümündə Türkiyə Super Liqası çempionu, iki dəfə Superkubokun qalibi olub. Bu, "Trabzonspor"un 37 illik fasilədən sonra qazandığı ilk liqa çempionluğu idi. Abdullah Avcının "Trabzonspor"da illik qazancı 1 milyon 300 min avro olub.
Abdullah Avcı 2011-2013-cü illərdə Türkiyə milli futbol komandasının baş məşqçisi vəzifəsində çalışıb. Lakin milli komanda böyük uğurlar qazana bilmədiyindən 2013-cü ildə bu postdan ayrılıb.
Xatırladaq ki, AFFA-nın milliyə baş məşqçilərin namizədlər siyahısında "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov da var.
Supersport.Az


