"Sabah" döyüşə hazırdır, "Makkabi" nokautda

"Sabah" döyüşə hazırdır, "Makkabi" nokautda
Futbol, Seçilmişlər
917
01 Avqust 2024 - 10:52

Supersport.Az xəbər verir ki, bu gün UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.


Ölkəmizin təmsilçilərindən biri "Sabah" Hayfa "Makkabi"sini sınağa çəkəcək. Azərbaycan komandası yəhudi klubunu səfərdəki ilk oyunda 3 cavabsız qolla çökdürüb və rəqibi üzərində böyük psixoloji üstünlüyə malikdir.


Masazır stadionunda cavab döyüşü 20:00-da başlanacaq.


"Qarabağ"ın əzdiyi "Makkabi"nin növbəti ağır günü


25 il əvvəl Avropa yarışında "Qarabağ" Hayfa "Makkabi"sini məhv edərək tarix yazmışdı. Bu uğuru Azərbaycanın digər klubu davam etdirməyə çox yaxındır. 

"Sabah" "Makkabi"ni kənarlaşdırmaq fürsətini qaçırmamalı, əsl, döyüşkən, peşəkar komanda olduğunu bir daha göstərməlidir.

Qələbələr həm ölkənin, klubun imicini, reytinqini qaldırmaq,  həm də maddi qazanc baxımından mühümdür.


Rəqibin baş məşqçisi qovula bilər


Azərbaycan komandasının yəhudi klubunu Macarıstanda ilk matçda 3:0 məğlub etməsi rəqib düşərgəsində şok effekti verib.

Hayfa təmsilçisi sərt tənqid olunub. Azarkeşlər komanda rəhbərliyi, baş məşqçiyə kəskin etiraz ediblər.

Serbiya mətbuatında "Sabah" "Makkabi"ni alçaltdı, nokaut, biabır etdi" başlıqlı xəbərlər verilib. Bu yazıları israilli media nümayəndələri də yayıb. 

"Sabah"ı keçə bilməyəcəyi təqdirdə, "Makkabi"nin 44 yaşlı baş məşqçisi Barak Baxarın qovulacağı bildirilir. 


"Sabah"ın baş məşqçisi ehtiyatlanır


Cavab döyüşü ərıfəsində Azərbaycan klubunun baş məşqçisi Krunoslav Renduliç ehtiyatlı danışıb. Xorvat mütəxəssis, 3 qolla qalib gəlsələr də, rəqibi favorit sayıb, hələ ki, qrup mərhələsini düşünmədiklərini, "Çox da yüksəklərdə uçmamalıyıq, ayaqlarımız yerdə olmalıdır, eyforiyaya qapılmaq olmaz", deyib. Baş məşqçi, hesab edir ki,  mərhələ adlamaq üçün daha yaxşı mübarizə aparmalıdırlar.

 Komanda hazırda yüksək əhvaldadır.

"Sabah"ı bu gün stadionu dolduracaq 8 min azarkeş ordusu dəstəkləyəcək. Klubun səfər oyununu 50 fanat canlı izləmişdi.


Yəhudi klubu pis vəziyyətdə


"Makkabi" dünən Bakıya 3 saat gec gəldiyindən planı darmadağın olub. Hayfa klubu axşam məşq keçə bilməyib, mətbuat konfransı keçirməyib. "Makkabi" ilk matçda bərbad  oynadığından cavab qarşılaşmasını canlı izləməyə israildən heç bir media nümayəndəsi gəlməyib.  500 yerlik sektorda isə cəmi 30 azarkeş komandaya dəstək verəcək.


1 avqust

 

20:00 "Sabah" (Azərbaycan) - "Makkabi" (Hayfa)

Əlincə stadionu. 

Baş hakim: Peter Kraloviç

Baş hakimin köməkçiləri: Tomaş Straka, Matej Zemko

Dördüncü hakim: Boris Marhefka

(Hakimlər briqadası Slovakiyadandır)

 

Digər xəbərlər