Cahangir Əsgərovdan Azərbaycana ağır zərbə

Cahangir Əsgərovdan Azərbaycana ağır zərbə
Digər, Eksklüziv, Ağır Atletika
29 İyun 2018 - 18:25
AZAL prezidenti Cahangir Əsgərovun rəhbərlik etdiyi Azərbaycan Ağır Atletika Federasiyasının yarıtmaz siyasəti nəticəsində ağırlıqqaldırma sahəsi can verir.

Supersport.Az-ın əldə etdiyi məlumata görə, bu idman növü üzrə yığma komandamız 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarından kənarda qala bilər. Buna səbəb atletlərimizdə dəfələrlə dopinq aşkarlanması və yenidən qalmaqalların ortaya çıxmasıdır.

Beynəlxalq Ağırlıqaldırma Federasiyası son dörd ildə Azərbaycan Ağır Atletika Federasiyasını böyük məbləğdə cərimələyib, idmançıların mötəbər yarışlarda iştirakına qadağa qoyub. IWF sərt sanksiyalar tətbiq etsə də, ölkəmizdə buna məhəl qoyulmayıb. AZAL prezidenti Cahangir Əsgərovun rəhbərlik etdiyi Azərbaycan Ağır Atletika Federasiyası beynəlxalq qurumun cəzalarına fikir verməyib, əksinə dopinqdən istifadə edən idmançıların sayı daha da artıb. Dörd il əvvəl Beynəlxalq Ağırlıqaldırma Federasiyası Azərbaycanı 500 min dollar cərimələmişdi.

İki ildir ki, Azərbaycan Milli Antidopinq Agentliyi ölkəmizdə qadağan olunmuş preparatların istifadəsinə qarşı mübarizə aparır. Lakin bəzi federasiya və idmançılar öz çirkin əməllərindən əl çəkmirlər.

Azərbaycanla yanaşı Ukrayna yığması da Tokio Olimpiadasına buraxılmaya bilər. Üç ildir adıçəkilən bu ölkənin də idmançıları dopinqdən istifadə edirlər. Beynəlxalq Ağırlıqaldırma Federasiyasının qaydasına əsasən Azərbaycan və Ukrayna 2 il müddətinə cəzalandırıla bilər. IWF-nin sərt qərar verəcəyi və buna görə hər iki ölkənin 2020-ci il iyulun 24-ü 9 avqust aralığında keçiriləcək Tokio Olimpiadasında iştirakının mümkün olmayacağı bildirilir.

Digər xəbərlər