Firdovsi Umudov: "Bu, Azərbaycan xalqının qələbəsidir" - Video

Firdovsi Umudov: "Bu, Azərbaycan xalqının qələbəsidir" - Video
Maqazin, İslamiada-2017, Digər, Eksklüziv, Video
21 May 2017 - 02:02
Supersport.Az-ın məlumatına görə, sərbəst güləş üzrə yığma komandamızın baş məşqçisi Firdovsi Umudov millimizin İslamiadada çıxışına qiymət verib.

"IV İslam Həmrəyliyi Oyunlarında qarşıya qoyulan hədəfə tam çatdıq. Hazırlığımız, təlim-məşq prosesimiz yüksək səviyyədə keçmişdi. Ölkəmizdə belə beynəlxalq yarışın təşkil olunması idmançılarımızın üzərinə böyük məsuliyyət qoyurdu" - deyən təcrübəli mütəxəssis, komandada gənc idmançılara da üstünlük verildiyini bildirib:

"Bəzi güləşçilərimiz finala qədər özlərini doğrultdular. Lakin müəyyən çatışmazlıqlar oldu. 70 kiloqramda güləşən Murtuzəli Müslümovdan belə çıxış gözləmirdik. O, istədiyi kimi mübarizə apara bilmədi. Buna baxmayaraq, gümüş medala qazandı. Cəbrayıl Həsənovun da çıxışı alınmadı. Digər görüşlərdə təcrübəli güləşçilərimiz Hacı Əliyev, Şərif Şərifov, Nurməhəmməd Hacıyev öz sözlərini dedilər. 97 kiloqram çəki dərəcəsində mübarizə aparan Nurməhəmməd Hacıyev özünü çox yaxşı göstərdi. O, bu çəki dərəcəsində yerini möhkəmləndirdi. 2020-ci ildə Tokioda təşkil olunacaq Yay Olimpiadasına heyəti müəyyənləşdirərkən onu da nəzərdən keçirəcəyik. İlin əvvəlində dünya kubokunda komandamız 3-cü yeri tutmuşdu. Daha sonra Avropa çempionatında 2-ci yeri əldə etməyimiz bu oyunlarda da nəticələrimizin yüksək olacağını deməyə əsas verirdi. 4 qızıl, 2 gümüş, 1 bürünc medal qazandıq. Bu, gözlədiyimizdən də yaxşı nəticədir. Düzdür, çatışmazlıqlarımız da var, onun üzərində işləyəcəyik. Bizim üçün hər bir yarış önəmlidir. Bundan sonra əsas diqqətimiz Tokio Olimpiadasına yönələcək".

F.Umudov, prezident İlham Əliyevin ailə üzvləri ilə yarışları izləməsinin güləşçilərimizə əlavə güc verdiyini, Azərbaycanın idman ölkəsi olduğunu vurğulayıb:

"Ölkəmizdə idmana böyük diqqət və qayğı göstərilir. Güləşçilərimiz də yaradılan bu şəraitdən istifadə edərək, yeni zəfərlər qazanırlar".


 

Digər xəbərlər