CÜDOÇULARIMIZ OLİMPİADADA NECƏ GÖRÜNDÜ?

CÜDOÇULARIMIZ OLİMPİADADA NECƏ GÖRÜNDÜ?
Olimpiya, Rio-2016, Digər, Cüdo
14 Avqust 2016 - 18:12
RÜSTƏM ORUCOV SADİQ SADrustemor

Olimpiadanın ilk günlərindən mübarizəyə atılan cüdo yığmamız artıq çıxışını başa vurub. Peter Zayzenbaherin komandası Rio-2016-ya 6 idmançıyla yollanmışdı. Onlardan ikisi vətənə medalla qayıdır. Həm Rüstəm Orucov (73 kq), həm də Elmar Qasımov (100 kq) gümüş medal qazandı. Cüdoçularımızın çıxışını ümumilikdə uğurlu saymaq olarmı? Bu yazıda komandamızın çıxışını təhlil edib, bu suala cavab tapmağa çalışacağıq.

RUHDAN DÜŞMƏK OLMAZ

Reytinqdə dünya 2-cisi olan Orxan Səfərovun (60 kq) Olimpiya Oyunlarında fəxri kürsüyə qalxacağına inanırdıq. Cüdoçumuz buna çox yaxın idi. O perulu Xuan Postiqos, qırğız Otar Bestayev və braziliyalı Felipe Kitadaya qalib gələrək yarımfinala yüksəldi. Ancaq Orxan finalın bir addımlığında qazax Yeldos Smetova uduzdu. Hakimlər rəqibin sonuncu dəqiqədə həyata keçirdiyi fəndinə yuko xalı verdi ki, bu da yetərincə mübahisəli qərar idi. Ruhdan düşən və fiziki cəhətdən yorulan Səfərov bürünc medal uğrunda görüşdə yapon Naohişa Takatoya müqavimət göstərə bilmədi. 25 yaşını Braziliyada qeyd edən Orxanın gələcəyi parlaq görünür. Formasını qoruyub saxlasa, hələ daha 2 Olimpiadada iştirak edə, olimpiya çempionu ola bilər. Bir sözlə, ruhdan düşmək üçün heç bir əsas yoxdur.

GƏNCLƏRİN ÖNÜ AÇILMALIDIR

Dopinqdə "ilişdiyi" üçün 4 il tatamidən uzaq qalıb, 2011-ci ildən yarışlara çıxan Nicat Şıxəlizadə (66 kq) komandamızın ən təcrübəli simalarından biriydi. Dünya reytinqində 9-cu pillədə qərarlaşan Şıxəlizadədən də uğur gözləyirdik. Ən azı bürünc medal uğrunda mübarizə aparacağını düşünürdük. İspan Suqoy Uriarteni məğlub edən Nicat gözlənilmədən italyan Fabio Bazileyə uduzdu. Sonradan məlum oldu ki, çoxlarının iddialı gözüylə baxmadığı Bazile bu yarışa çox ciddi hazırlaşıb. Belə ki, Fabio hər kəsi təəccübləndirərək olimpiya çempionu oldu. Bir neçə ay bundan əvvəl ailə həyatı quran Şıxəlizadənin formada olmadığı görünür. Növbəti Olimpiadada onun çıxış edəcəyi inandırıcı görünmür. 2020-ci ildə 32-ci yaşını haqlayacacaq Nicatın həmin vaxt millidə olması reallıqla uzlaşmır. Çünki ölkəmizdə gənclər arasında yüngül çəkilərdə yetərincə güclü cüdoçular var. Artıq gənclərin önünü açmaq məsləhətdir.

GƏLƏCƏYƏ ÜMİDLƏ

rustamolimpiya

Yığmada ən çox ona ümid bəsləyirdik. Son Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxan Rüstəm Orucov (73 kq) ən yaxşı formada olan yığma üzvü idi. Reytinqdə 2-ci olan Rüstəm iddiasını ortaya qoydu. Qazax Didar Həmzə, avstraliyalı Cek Bensted, macar Mikloş Unqvari və israilli Saqi Muki həmyerlimizin qarşısını ala bilmədi. Beləliklə, Orucov finala yüksəldi. 8 il əvvəl Pekin Olimpiadasında Elnur Məmmədli məhz 73 kq-da olimpiya çempionu olmuşdu. Eyni uğuru Rüstəmin də təkrarlamasını çox istəyirdik. Ancaq alınmadı. Yapon Şohey Ono daha güclü çıxdı və Orucov gümüş medalla kifayətləndi. Oktyabrda Orucovun 25 yaşı olacaq. Tokioda artıq daha təcrübəli Rüstəm görəcəyik. Sabit çıxışını davam etdirsə, cüdonun yarandığı ölkədə - Yaponiyada olimpiya çempionu ola bilər.

Reytinqdə 24-cü olan Məmmədəli Mehdiyevdən (90 kq) medal gözlənilmirdi. Bəlkə bu üzdən cüdoçu gözləniləndən də yaxşı çıxış etdi. Axı Məmmədəli üzərində heç bir psixoloji təzyiq olmadan güləşdi. Bəlkə də belindəki yırtığın verdiyi ağrılar olmasaydı, cüdoçumuz daha yaxşı çıxış edərdi. Hər halda, onun Riodakı mübarizə əzmini yalnız alqışlamaq olar. Rus Kirill Denisov kimi güclü bir cüdoçunu məğlub etməsi xoş sürpriz idi. 1/8 finalda yerli publikanın dəstəklədiyi Tyaqo Kamilonu da sıradan çıxardı. Mehdiyev 1/4 finalda bu çəkinin reytinqdə lideri olan koreyalı Donqhan Qvakla bacarmadı. Bu əzmkarlığını növbəti olimpiya tsiklində də davam etdirsə, Tokioda medala iddialı Məmmədəli görə bilərik.

BÖYÜK ƏZMLƏ ÇALIŞMAQ LAZIMDIR

elmargumush

2009-cu ildə Ermənistanda keçirilən gənclərin Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqla düşmən ölkədə himnimizi səsləndirmişdi. Ondan sonra enişli-çıxışlı qrafik cızan Elmar Qasımov (100 kq) dünya reytinqində 2-ci idi. Deməli, məntiqlə ondan da medal gözləyə bilərdik. O da üzərinə düşən məsuliyyəti dərk edərək fəxri kürsüyə qalxdı. Startda son olimpiya çempionu Tahir Xaybullayevi (Rusiya) məğlub edərək iddiasını ortaya qoyan Elmar daha sonra Lyes Buyakub (Əlcəzair), Ramazan Dərviş (Misir) və Artyom Bloşenkonu (Ukrayna) sıradan çıxararaq adını finala yazdırdı. 2009-cu ildə İrəvanda baş tutan gənclərin Avropa çempionatının finalında çex Lukaş Krpalekə qalib gəlmişdi. Bu dəfə həmin cüdoçuyla Olimpiadanın finalında üz-üzə gəldi. Dünya çempionu olmuş Krpalek fiziki cəhətdən daha hazırlıqlı idi və layiqli qələbə qazandı. Bu gümüş medal Qasımov üçün stimul, yeni ümid olmalıdır. Tokioda olimpiya çempionu olmaq eşqiylə qarşıdakı 4 ildə daha böyük əzmlə çalışmalıdır.

LEGİONERLƏ VİDALAŞMAĞIN VAXTI

Heyətdəki yeganə legioner olan Uşanqi Kokauri (+100 kq) reytinqdə 22-ci pillədə qərarlaşmışdı. Gürcünün çox uzağa gedə bilməyəcəyi öncədən bəlliydi. Düzdür, Kokauri latviyalı Artur Nikiforenkoya qalib gəldi. Ancaq Uşanqi növbəti mərhələdə yapon Hisayoşi Harasavaya müqavimət göstərə bilmədi. Ölkəmizdə yaxşı cüdo ənənələri var. Hazırda yetərincə gənc bu idman növüylə məşğul olur. "Ehtiyat qüvvə" sağlamdırsa, legionerə nə gərək var? O zaman Kokauriylə elə günü bu gün vidalaşmaq lazımdır. Onsuz da bundan sonra Uşanqinin ciddi uğurlar qazanacağı real görünmür. Heç olmasa, ən ağır çəkidə yerli cüdoçular iştirak edərək təcrübə qazansınlar. Nəticə əldə etməsələr də olar.

YEKUN QİYMƏTLƏNDİRMƏ

Beləliklə, yığmamız 2 gümüş medalla Olimpiadada komanda hesabında 12-ci yeri tutdu. Bəs, bu nəticəni uğurlu saymaq olarmı? Əvvəlcə onu qeyd edək ki, Londondakı fiaskodan sonra bu nəticə böyük uğur kimi görünür. Ancaq Pekin-2008-də bir qızıl, bir bürünc medal əldə etmişdik. Deməli, Rioda cüdoçular həmin uğurun kölgəsində qaldı. Bu isə onu deməyə əsas verir ki, hazırki nəticəni əla yox, yaxşı qiymətləndirmək lazımdır. Hazırda Cüdo Federasiyasına Rövnəq Abdullayevin başçılıq etdiyini bilirsiniz. SOCAR-ın prezidenti bu qurumu maddi problemlərdən azad edib. Bu səbəbdən cüdoçulardan daha yaxşı nəticələr gözləmək haqqımızdır. Cüdonun inkişafı üçün daha mütərəqqi addımlar atmaq, bu növdə söz sahibi olan ölkələrin təcrübəsindən faydalanmaq lazımdır.

Haydı, irəli, Azərbaycan cüdosu!

RAMİL

Digər xəbərlər