“QARABAĞ”DAN AYRILMAĞIMA PEŞMAN OLMUŞDUM”
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Viktoriya” ilə cavab oyunu ərəfəsində “Qarabağ”ın hücumçusu Vüqar Nadirov Supersport.Az-a açıqlama verib.
Təcrübəli futbolçu, ilk olaraq komandasına qayıdışından danışıb:
“Altı il doğma komandamda oynamışdım. Yenidən “Qarabağ”a qayıdanda sanki öz evimə döndüm. Etiraf edim ki, doğma komandamdan gedəndən sonra peşman olmuşdum. Hamı səhv edə bilər. Komandadan ayrıldığım müddətdə hər zaman klubla münasibətlərim əla olub. Başda “Qarabağ”ın rəhbərliyi olmaqla məşqçilər və futbolçulara mənə qarşı xoş davrandığı üçün təşəkkür edirəm”.
29 yaşlı hücumçu, itirdiklərini bərpa etmək üçün səylə çalışdığını bildirib:
“Çalışıram ki, baş məşqçi Qurban Qurbanovun tapşırıqlarını yerinə yetirib, formamı tam bərpa edim. Əvvəlcə “Qarabağ”da yüksək səviyyədə oyun nümayiş etdirib istər Çempionlar Liqası, istərsə də Premyer Liqada fayda verməliyəm. Milliyə də dəvət almaq üçün bütün varlığımı sərf edəcəyəm. Bir il ərzində itirdiklərimi qaytarmalıyam. Komandamla gündə iki dəfə məşq edirəm. Bundan başqa, fərdi də çalışıram.
Ötən müddətdə “Xəzər Lənkəran”ı transfer qadağasına görə tərk edib, “Qəbələ”yə getsəm də, əsas komandada mənə şans verilmədi. Bəlkə oyunum Roman Qriqorçukun sisteminə uyğun gəlmədi. Bununla belə “Qəbələ”yə Avropa Liqasında uğurlar arzulayıram”.
Azarkeşlərdən dəstək gözlədiklərini deyən V.Nadirov, “Qarabağ”ın “Viktoriya” səddini keçəyinə inandığını söyləyib:
“Çexiyadakı oyun çox çətin keçdi. Səfərdə müdafiə xəttimiz etibarlı oynadı, hücumda isə 3-4 qol imkanımız oldu. Reynaldo və Muarem fərqlənə bilərdi. Qollu heç-heçə etsəydik, cavab qarşılaşmasında rahat oynamaq olardı. Ancaq yaddan çıxarmayaq ki, rəqib Çempionlar Liqasının qrupunda çıxış edib, çox güclü komandadır, sabit oyun göstərir. Buna baxmayaraq ki, Çexiya çempionu keçilməz deyil və mümkünsüz heç nə yoxdur. Nəyə görə “Qarabağ” yeni tarix yazmamalıdır?
Cavab oyununa da ciddi hazıqlıq gedir. Azarkeşlərdən dəstək gözləyirik. İnanıram ki, sabah 31 minlik stadion tam dolacaq və komandamız möhtəşəm oyunla qələbə qazanacaq. Allahın köməyilə Çempionlar Liqasının qrupuna düşə bilərik. Səbrlə, daha yaxşı çalışmaqla buna nail olmaq mümkündür” .
Xatırladaq ki, Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında “Qarabağ” avqustun 2-si saat 20:30-da Respublika stadionunda son Çexiya çempionu “Viktoriya Plzen”i qəbul edəcək.