İlham Əliyev: "Güləş Federasiyasında özbaşınalıq hökm sürürdü"

İlham Əliyev: "Güləş Federasiyasında özbaşınalıq hökm sürürdü"
Digər
17 Mart 2022 - 15:00
"Güləş Azərbaycanda idmanın bütün növləri arasında xüsusi yerə malikdir. Güləş bizim milli idman növümüzdür. Bütün dövrlərdə güclü güləşçilərimiz olub, həm sovet dövründə və xüsusilə müstəqillik dövründə".

Supersport.Az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Avropa çempionu olan güləş üzrə U-23 millimizin üzvləri ilə görüşdə bildirib. O deyib ki, bizim güləşçilərimiz Azərbaycanı müxtəlif yarışlarda ləyaqətlə təmsil ediblər:

"Bizim bir çox Olimpiya, dünya, Avropa çempionlarımız var. Əlbəttə, güləşin ənənələri Azərbaycanda kifayət qədər güclüdür və şadam ki, indi gənc nəsil bu ənənələri davam etdirir. Əminəm ki, bu yaxınlarda medallar qazanmış idmançılar arasında gələcəyin Avropa, dünya və Olimpiya çempionları olacaqlar. Nəsildən-nəslə keçən bu təcrübə, bilik, səriştə əminəm ki, Azərbaycanı bundan sonra da dünya miqyasında aparıcı güləş ölkələrindən birinə çevirəcək. Hər halda Avropada gənclər arasında biz birinciyik və mənə verilən məlumata görə, çempionatda 34 ölkə iştirak edirdi. Bunu nəzərə alaraq, bir daha qeyd etmək istəyirəm ki, bu, doğrudan da böyük nailiyyətdir. Əlbəttə, bütün bu amilləri nəzərə alaraq, bu gün mən sizi dəvət etmişəm ki, şəxsən özüm sizi təbrik edim və ümidvar olduğumu bildirim ki, gələcəkdə də siz eyni əzmkarlıqla ölkəmizi ləyaqətlə təmsil edəcəksiniz".

​Prezidentin fikrincə, son vaxtlar Güləş Federasiyasında gedən proseslər narahatlıq doğururdu və durğunluq hiss olunurdu:

"Güləş Federasiyasında idarəetmə mexanizmi zəifləmişdi, faktiki olaraq özbaşınalıq hökm sürürdü. Əlbəttə ki, bu, nəticələrə də mənfi təsir göstərmişdir və bu, təbiidir. Ona görə Güləş Federasiyasının rəhbərliyinin dəyişdirilməsi zəruri idi, bu, baş verdi. Əminəm ki, federasiya indi həm buraxılmış bütün nöqsanları aradan qaldıracaq, vəziyyəti təhlil edəcək, - mənə məlumat verilib ki, artıq bu işlərə start verilib, - əlbəttə ki, idmançılara - həm gənclər, həm də böyüklər arasında çıxış edən idmançılara lazımi şərait yaradacaq. Mən Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə seçiləndən qarşıya məhz bu vəzifəni qoydum ki, biz idmançılara şərait yaratmalıyıq, onlardan isə nəticə gözləməliyik. Bax, bu iki əsas amil bizim böyük uğurlarımızın əsasını təşkil edirdi. Ona görə əminəm ki, Güləş Federasiyası Gənclər və İdman Nazirliyi ilə, məşqçilərlə birlikdə düzgün addımların atılmasına nail olacaq və bugünkü qələbəni mən görülən bu işlərin ilk təzahürlərindən biri kimi qəbul edirəm".

Digər xəbərlər