Qurban Qurbanov: "Soyuq olacaq, qar yağacaq, amma biz hazırıq"

Qurban Qurbanov: "Soyuq olacaq, qar yağacaq, amma biz hazırıq"
Futbol
03 Noyabr 2021 - 20:41
"Daha ciddi və daha möhkəm olmalıyıq. İnanıram ki, sabah meydanda yaxşı mübarizə olacaq".

Supersport.az-ın məlumatına görə, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsində sabah “Kayrat”la keçiriləcək görüş üçün təşkil edilən mətbuat konfransında belə deyib.

O, "Qarabağ"ın Konfrans Liqasındakı məğlubiyyətsizlik seriyası haqda bunları bildirib: "Bu, mənim üçün xoşdur. Uğurlu seriyadır. Digər tərəfdən bir az narahatlıqdır. Bu seriyanı əlbəttə ki, davam etdirmək istəyirik. Hər uğurlu seriyanın bir sonu olur. Ancaq biz indi bu haqda düşünmürük. Sabah biz bu oyunun vacibliyini düşünərək oynayacağıq. Əgər məğlubiyyətsizlik seriyasını davam etdiririksə, deməli, hər oyuna ciddi yanaşırıq. Sabahkı oyuna da futbolçuları maksimum yaxşı hazırlaşdırmışıq".

​Q.Qurbanov "Sabah 17 dərəcəyə qədər şaxta gözlənilir. Belə iqlim şəraitinə xüsusi hazırlaşmısınız?" sualına belə cavab verib: "Təbiətdə pis hava yoxdur. Futbolçulara deyirəm ki, istənilən çətinliyə hazır olmalıdırlar. Futbolçularım bunu yaxşı bacarırlar. Soyuq olacaq, qar yağacaq, amma biz hazırıq. Hər bir rəqibə şərtdən asılı olmayaraq, qalib gəlməyə çalışırıq".

Digər xəbərlər