AMADA-dan olimpiyaçılara dəstək

AMADA-dan olimpiyaçılara dəstək
Digər, Dopinq
29 Aprel 2021 - 01:52
Tokio 2020 Yay Olimpiya Oyunlarına gedəcək idmançılar üçün vacib olan “ADEL for Tokyo 2020 Olympics” (Tokio-2020 üçün ADEL) platforması Azərbaycan dilində istifadəyə verilib.

Ümumdünya Antidopinq Agentliyinin tədris platforması olan ADEL tərəfindən hazırlanan bu proqram Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanmış idmançılar və onları müşayiət  edəcək  idmançı köməkçi heyəti (məşqçi, həkim və s.) üçün nəzərdə tutulmuş onlayn kursdur. Kursun məqsədi  olimpiya oyunlarında dopinq nəzarəti ilə bağlı ən vacib məlumatları onlara çatdırmaqdır. Onlayn kursdan keçənlər Tokio-2020 Yay Olimpiya Oyunlarında antidopinq  qaydaları, dopinq nəzarəti prosesi, habelə terapevtik istifadə üçün icazə və dərmanların necə yoxlanılması haqqında məlumat əldə edəcəklər. Bu kurs vasitəsilə idmançılar həm də hüquq və vəzifələri, oyunlar zamanı onların üzərində yurisdiksiyası  olan təşkilatlar haqqında biliklərini təkmilləşdirmiş olacaqlar.

İnteraktiv onlayn təhsil kursu bir neçə mərhələdən ibarətdir. Hər mərhələdə iştirakçıya vacib biliklər verilir və yekunda biliklərin yoxlanılması üçün suallar olur. Ümumi sualların 80 faizindən çoxunu düzgün cavablandıran şəxslər kursu müvəffəqiyyətlə tamamlamış olur və elektron sertifikat əldə edir.  

Bu platforma idmançıların Tokio-2020 Olimpiya Oyunlarına hazırlığının ayrılmaz hissəsidir və idmançıların və onların köməkçi heyətinin kurslardan keçməsi vacibdir. Bunun Tokioya yollanacaq idmançılar üçün əhəmiyyətini nəzərə alaraq Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) idmançıların və onların köməkçi heyətinin kurslardan keçməsi üçün bütün lazımi dəstəyi göstərir.

Digər xəbərlər