Tərlan Əhmədov: “Mən bunları etsəydim, güllələyərdilər, asardılar”

Tərlan Əhmədov: “Mən bunları etsəydim, güllələyərdilər, asardılar”
Futbol, Eksklüziv
20 Noyabr 2020 - 08:49

“MİLLİ ÇEMPİONATIN SƏVİYYƏSİ ÇOX AŞAĞIDIR”


Supersport.Az-a müsahibəsində futbol mütəxəssisi Tərlan Əhmədov maraqlı fikirlər bildirib. “Neftçi”nin, “Keşlə”nin keçmiş baş məşqçisi indi işsizdir.


- Hazırda istirahət edirəm. Hərdən veteran futbolçularla görüşürəm, fikir mübadiləsi olur.


- Milli çempionatın oyunlarını izləyirsinizmi?


- Əlbəttə. Həm milli, həm də xarici çempionatları diqqətlə izləyirəm. Milli komandanın oyunlarına da baxıram. Futbolda məşq prosesləriylə bağlı mütaliə edirəm.


- Çempionatımızın səviyyəsi sizi qane edirmi?


- Qəti yox. Çempionatın səviyyəsindən çox narazıyam. “Qarabağ” əsas diqqətini Avrokubok yarışına yönəltmişdi. Buna görə bəzi komandalar turnir cədvəlində zirvəyə doğru irəlilədi. Lakin sonradan “Qarabağ” fikrini çempionata yönəldən kimi yenidən hegemonluğa başladı. Bu, açıq-aşkar hiss olunur. Hesab edirəm ki, bu çempionatın səviyyəsi çox aşağıdır. “Qarabağ” ən güclüdür, qalan 7 komandanın qüvvəsi isə demək olar ki, bərabərdir. Çempionatda rəqabətsizlik hökm sürür, klublar enişdədir.


- “Keşlə”yə çempionatda üçüncü yer, Avroliqaya vəsiqə qazandıran Tərlan Əhmədov keçmiş komandasının çıxışını necə qiymətləndirir?


Komandada heyəti mən qurmuşdum, güclü rəqabət olmasına çalışırdım. Klub prezidenti Zaur Axundovla hədəfimiz Avrokubokda bir neçə mərhələ keçmək idi. Hətta heyət yenidən güclənəcəyi təqdirdə, çempionluq uğrunda mübarizə apara biləcəyimizi demişdim. Komandanın minimum məqsədi qitə turnirində bir mərhələ adlamaq, maksimum hədəfsə pley-off-a qədər getmək idi. Hər raundu adladıqca yeni futbolçular cəlb etmək fikrindəydik. Ancaq elə oldu ki, mən komandadan ayrıldım. Çox təəssüf ki, “Keşlə” Avropa Liqasında ilk mərhələdə mübarizəni dayandırdı. Çempionata gəlincə, hazırda 9 turdan 12 xalla 5-ci pillədə olan komanda bu heyətlə daha yaxşı çıxış etməlidir. Ola bilər ki, yeni baş məşqçi oyun fəlsəfəsini, startegiyasını, sistemini aşılayır və bunun üçün vaxt lazımdır. İndi komanda enişli-yoxuşlu yol gedir.


- “Qarabağ”a rüsvayçı məğlubiyyətin ardından “Neftçi” baş məşqçi Füzuli Məmmədovla idman direktoru Ceyhun Sultanovu komandadan kənarlaşdırdı. Sizcə, dəyişiklik yeni nəfəs gətirəcəkmi?


- “Neftçi” xalqın komandası, futbolumuzun tarixi, flaqmanıdır, Avropa Liqasının qrup mərhələsinə düşən ilk klubumuzdur, hər zaman diqqət mərkəzindədir: dövlətin, mətbuatın, azarkeşlərin. Xalqın komandası həmişə çempionluq uğrunda mübarizə aparıb, 2-3-cü yer qəbulolunmazdır. “Neftçi” son illər çempionatda zəif çıxış edirdi, 6-7-ci olurdu. Məni dəvət edəndə demişdilər ki, komanda normal, səviyyəli oyun nümayiş etdirsin, ən azı 4-cü olsun. “Neftçi”də çalışmağa başlayanda çox çətinlik çəkdim. Çünki komandada hərc-mərclik, futbolçular arasında qruplaşma vardı. Tədricən rəhbərliklə birlikdə bu problemləri həll etdik. Bunun nəticəsində uğur qazandıq, üçüncü yeri tutduq. Yeni rəhbərlik gələndə hiss olunurdu ki, məni qəbul etmir. Səbəbi haqda danışmaq istəmirəm. Məndən sonra iki il ardıcıl olaraq komanda çempionatda ikinci yeri tutdu. “Neftçi” “Qarabağ”a çempionluq mübarizələrində məğlub oldu. Hətta 9 xalla irəlidə olduğu halda, birinci yeri əldən verdi. “Qarabağ” yenə çempionluq qazandı. Altı aydan bir komandanı dəyişən idman direktoru getməliydi. Heyətin özəyi saxlanılmalı, rəqabətin artırılması məqsədilə bir neçə futbolçu cəlb olunmalı idi. Komandada 6-7 futbolçu dəyişmək böyük problem törədir. Bu sonda 0:6 hesablı məğlubiyyətə gətirdi. Bunda yola salınan baş məşqçi Füzuli Məmmədovu günahlandırmıram. Fikrimcə, komandanın idarəçilyində problem vardı. Futbolçu seçimi, məşqçinin strategiyası, taktikasına uyğun olmalıdır. Çalışdırıcı bəyənməli, rəhbərlik almalıdır. Məşqçinin xəbəri olmadan alınan oyunçunu oynatmaq çətindir. Qarışıqlıq olanda oyun fəlsəfəsini, sistemini həyata keçirmək üçün vaxt lazımdır. Düşünürəm ki, komandada dəyişiklik faydalı olacaq.


- Samir Abbasovun baş məşqçi təyin olunmasına münasibətiniz necədir?


- O, çalışmalıdır ki, uğur qazansın. Məşqçinin işi komandanın yarışlarda çıxışından asılıdır. Samir Abbasovun fəaliyyətinin necə olacağı haqda indi nəsə deyə bilmərəm. Onun “Sumqayıt”, “Zirə”də işini görmüşük. O, aqressiv məşqçidir, istəklidir, məğlubiyyəti xoşlamır. “Neftçi” böyük klubdur, tələbləri var, nəyin necə olacağını Samirin fəaliyyəti göstərəcək.


- Həm “Neftçi”, həm də “Keşlə”də nəticə göstərsəniz də, yolların ayrılmasının günahını kimdə görürsünüz?


- (Gülür). Hərdən fikirləşirəm ki, hamı nəticə deyir. Ancaq uğur olanda da nələrsə baş verir. Bilmirsən nə oldu. Müqavilə bağlayanda deyirəm ki, nəticə olanda ünvanıma şər, böhtan atıla bilər. Mənə narahat olmamaq, belələrinin cavablarının veriləcəyi deyilirdi. Nəticə qazansam da, adıma olmayan elə sözlər deyilir ki... Mən ictimai nəqliyyatdan istifadə edirəm. Komandam oynayıb qələbələrlə nəticə qazanıb. Deyirlər ki, mən nəsə etmişəm. Bəziləri bildirir ki, Tərlan pullar “yeyib”, qazanıb, xadiməçini işdən çıxarıb, sürücüylə dava edib, ictimaiyyətlə, futbolçularla, köməkçiləriylə yola getməyib. Mən bunları etsəydim, güllələyərdilər, asardılar. Allah hər şeyi bilir, əsas budur. Bəndənin ünvanıma etmədiyim sözləri deməsi məni maraqlandırmır. Hərdən düşünürəm ki, belə problemlər içində mən necə nəticə verdim?! Uğur öz-özünə gəlmir, düzgün fəaliyyətlə qazanılır. Futbolçu karyerasını bitirənlərə dost, qardaşcasına fayda vermək üçün işə cəlb etdim. 4 aydır ki, işsiz olsam da, onların salamını belə eşitmədim. Günah məndədir ki, həmin insanlara həddən artıq inanmışam, dəyər vermişəm. Hamısına qardaş kimi davransam da, sonda gördüm, başa düşdüm ki, çox tələbkar olmaq lazımdır.


Anar Cəfərsoy

Digər xəbərlər