Koronavirusa qalib gələn jurnalistdən müraciət

Koronavirusa qalib gələn jurnalistdən müraciət
Maqazin
14 İyun 2020 - 16:57
“Özümüzü və yaxınlarımızı bu təhlükəli xəstəlikdən qorumalı, dövlətə və həkimlərimizə minnətdar olmalıyıq”.

Bunu Trend-ə açıqlamasında koronavirusa yoluxan jurnalist Anar Cəfərsoy deyib.

O bildirib ki, virusa ilk olaraq anası yoluxub:

"Anamın mayın 15-də vəziyyəti pisləşdi, tənəffüs çatışmazlığı yarandı. Bu barədə Təcili Tibbi yardıma müraciət etdim və anamı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirdilər. 3 gündən sonra test yoxlanışının cavabı müsbət çıxdı və müayinələr zamanı məlum oldu ki, anam həm də şəkərli diabet xəstəsi imiş. Mayın 17-də məndə dəhşətli öskürək yarandı, arabir hərarətim də olurdu. Dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə müraciət etdim ki, məni də karantinə götürsünlər. Kliniki Tibbi Mərkəzdə karantinə götürüldüm və burnumdan yaxma analiz götürdülər. Testin cavabı müsbət çıxdığı üçün məni mayın 21-də Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirdilər və müalicələrim başlandı. Anamın vəziyyəti isə ağırlaşdığı üçün "Yeni Klinika"ya köçürüb müalicəsini davam etdirsələr də, həm yaş həddi, həm də digər xəstəliklərə görə vəziyyəti daha da çətinləşdi. Daha sonra onu Mərkəzi Neftçilər Xəstəxanasına köçürdülər. Həkimlərin səyinə basxmayaraq onun həyatını xilas edə bilmədilər. Anam mayın 28-də dünyasını dəyişdi".

A.Cəfərsoy bildirib ki, Tədris-Terapevtik Klinikada 2 dəfə tənəffüs çatışmazlığı yaranıb:

"Elə bir vəziyyətdə idim ki, o anı yaşamayanlar həmin vəziyyəti anlaya bilməzlər. Sanki daxilimdə ciyərimə daşla vururdular. Təngnəfəslik, halsızlıq. Bir faktı deyim ki, burnumla nəfəsimi çəkirdim, ağzımda saxlaya bilmirdim. Klinikada məni dərhal nəzarətə götürdülər və sözün əsl mənasında həkimlər mənim həyata qayıtmağım üçün əllərindən gələni edirdilər. Klinikada xəstələr arasında heç kimə fərq qoyulmur, həkimlər hər bir xəstəyə öz yaxınları kimi münasibət göstərirlər. Gün ərzində 5-6 dəfə sistemlər, gücləndirici həblər və digər dərman preparatları qəbul edirdim. Həkimlər hamının vəziyyətini fasiləsiz nəzarətdə saxlayırdılar. Orada şahidi oldum ki, koronavirus xəstələrinə yardım edən həkimlər həqiqətən qəhrəmandır. Allah onların hər birinə kömək olsun".

Jurnalist deyir ki, koronavirus xəstələrinə yardım edən həkimlərin iş şəraiti inanılmaz dərəcədə ağırdır:

"Təsəvvür edin ki, onlar gün ərzində 8 saat xüsusi formada olurlar. Əgər bir dəfə formanı geyindilərsə, 8 saat çıxara bilməzlər. Hətta bu müddət ərzində həmin həkimlər tərlərini də silə bilməzlər, çünki əllərində infeksiya ola və bu virusa yoluxa bilərlər. Həkimlər xəstələrin sağalması üçün özlərini, həyatlarını əsl təhlükəyə atırlar. Bir adi səhv onlara həyatları bahasına başa gələ bilər. 8 saat xüsusi, hava buraxmayan formada dözüb dayanmaq, üstəlik həmin vəziyyətdə xəstələrə öz yaxınları kimi can yandırmaq əsl qəhrəmanlıqdır".

A.Cəfərsoy deyir ki, Azərbaycan dövləti koronavirusa qarşı mübarizə istiqamətində bütün tədbirləri həyata keçirib və bu proses davam edir:

"Bu gün klinikada xəstələrin müalicəsi üçün lazım olan bütün aparatlar var və istifadə edilir. Dövlət hər cür tədbirlər görüb ki, xəstələrimiz lazımı səviyyədə müalicə olunsun, tez sağalsın. Mən Azərbaycan dövlətinə və qəhrəman həkimlərə minnətdarlığımı bildirirəm. Xəstəxanada xidmət yüksək səviyyədə idi. Gün ərzində 3 dəfə yüksək səviyyəli yeməklər, meyvələr, vitaminlər verilirdi".

Jurnalist adıçəkilən klinikada 14 gün tam nəzarət altında müalicə ediləndən sonra yenidən analiz verib və cavab mənfi çıxıb:

"14 gündən sonra 2 dəfə təkrar testdən keçdim və məlum oldu ki, sağalmışam. Bundan sonra məni evə ambulator müalicəyə yazdılar. Artıq 2 həftədir ki, ev şəraitində müalicələrimi davam etdirirəm, həkim məsləhəti ilə dərman qəbul edirəm. Özüm-özümü təcrid etmişəm. Ailə üzvlərimdən maksimum kənar gəzirəm, evdən çıxmıram, dostlar, qohumlarla görüşdən müvəqqəti imtina edirəm. Yəni mən o anları yaşamışam deyə, istəmərəm hansısa yaxınım, dostum, qohumum həmin vəziyyətə düşsün, o ağır vəziyyəti yaşasın".

A.Cəfərsoy Azərbaycan əhalisinə də müraciət edib:

"Əzizlərim, dostlar, tanışlar, həmvətənlərim. Çalışın özünüzü, ailənizi və yaxınlarınızı qoruyun. Mən şəxsən bunu özümə dövlət və qəhrəman həkimlərimiz qarşısında borc bilirəm. Dövlətimizin yaratdığı şərait və həkimlərimizin səyi nəticəsində, ən əsası Allahın izni ilə mən bu bəladan xilas oldum və buna görə də dövlətimizə, həkimlərimizə borcluyam. Çalışın siz də özünüz-özünüzü, ailənizi, yaxınlarınızı, ətrafınızdakı insanları qoruyun".

Digər xəbərlər