MİLLİMİZ BELFASTDA NİYƏ DARMADAĞIN OLDU?

MİLLİMİZ BELFASTDA NİYƏ DARMADAĞIN OLDU?
Futbol, Yazarlar
12 Noyabr 2016 - 19:21
Dünənin əsas mövzusu yığmamız idi. Demək olar ki, əksəriyyət sosial şəbəkələrdə millimizin Şimali İrlandiya ilə gecəyarısı başlayacaq oyunundan danışır, proqnozlar verilir, sorğular keçirilirdi. Uzun fasilədən sonra böyük insan kütləsi əsas komandanı müzakirə edir, həyəcanla Belfastdakı görüşün startını gözləyirdi. DÇ-2018-in seçmə mərhələsinə çox yaxşı başlayan Robert Prosineçkinin rəhbərlik etdiyi komandanın ilk 3 turdan sonra 7 xal toplaması, qapısında qol görməməsi və qrupda Almaniyanın ardından 2-ci pillədə qərarlaşması bir vaxtlar yığmadan küsmüş futbolsevərləri bir növ geri qaytarmışdı. İndi millini lağ-lağıya qoyanlardan daha çox komandaya inanlar var idi. Artıq bir çoxları "niyə də yox?!" şüarına valeh olub, 2 il sonra Rusiyada keçiriləcək dünya çempionatına vəsiqənin xəyalıyla yaşayırdı. Amma noyabrın 11-dən 12-nə keçən gecə yımamız göydən yerə çırpıldı. Darmadağınla eyforiyadan ayıldı. Britaniyalılar qapımıza 4 qol vuraraq yığmamıza yerini göstərdi.

Günahın böyüyü Prosineçkidədir 

robert-prosinecki

Robert Prosineçki hər zaman olduğu kimi, yenə start heyətini bir gün öncə keçirilən mətbuat konfransında açıqlamışdı. Ancaq bu dəfə onun meydana buraxdığı "11-liy"i eşidəndə barmağımızı dişlədik. Dedik, bu nə heyətdir... Qapıda Kamran Ağayevin qərarlaşması təbii idi. Müdafiənin cinahlarında Arif Daşdəmirovla Məhəmməd Mirzəbəyovun yer alacağı da gözlənilirdi. Stopper kimi Bədavi Hüseynov – Maksim Medvedev tandeminə böyük ümid bəslənilirdi. Əvvəlcədən onların üzərinə böyük yük düşəcəyi öncədən bəlliydi. Qara Qarayev yeganə dayaq yarımmüdafiəçisi idi. Rahid Əmirquliyevlə Emin Mahmudov yarımmüdafiənin mərkəzində hücumların qurulmasında yaxından iştirak etməliydi. Soldan Ruslan Qurbanov, sağdan Əfran İsmayılov hücumun sivri ucundakı Ramil Şeydayevi ön xətdə tək qoymamalıydı. Ən böyük sürpriz Mahmudovun ilk "11-lik"də yer almasıydı. "Boavişta"da heç bir rəsmi oyunda çıxış etməyən Eminin praktika çatışmazlığından əziyyət çəkdiyini sıravi azarkeş də bilir. Xorvat mütəxəssisin bu məqamı nəzərə almaması təəccüblü deyilmi? Bəlkə də ötənlərin məşhur futbolçusunun ağlı Şeydayevə gedib. Axı Ramil də "Trabzonspor"da heyətə düşə bilmir. Amma hücumçu Çexiya ilə matçda ən yaxşılardan biri idi. Bəlkə Prosineçkini yanıldan elə bu məqam olub. Fikirləşib ki, Mahmudovun qabında nəsə varsa, Şimali İrlandiya ilə oyunda sözünü deyəcək. Amma Robi yanıldı. Özü də çox pis. Rusiya futbol məktəbinin yetirmələri baş məşqçinin üzünü qızartdı. Şeydayev faktiki heç nəylə yadda qalmadı. Ona görə də baş məşqçi onu cəmi 1 hissə oynatdı. Əslində Emini də ilk hissədən sonra əvəzləmək labüd idi. Amma nədənsə Prosineçki ona yenə şans vermək qərarına gəldi və 70 dəqiqə oynatdı. "Boavişta"nın futbolçusu cəmi 1 zərbəylə diqqət mərkəzinə düşə bildi. Yaradıcılıqdan əsər-əlamət yox idi. Mümkün qədər yaxınlıqdakı futbolçulara topu ötürməyə çalışırdı. Onun tərəfindən Xüsusi bir driblinq və ya sürətli keçid də görmədik ki, faydasından danışaq. Ümumiyyətlə, Dmitri Nazarov qala-qala Mahmudovun oynaması hansı məntiqə sığırdı? Belə olan halda adamda şübhə yaranır ki, bəlkə AFFA Mahmudovu oynatmağı baş məşqçidən xahiş edib. Ona görə ki "Boavişta"da heyətə düşə bilmir. Bəlkə yığmada özünü göstərə, portuqallar da buna baxıb, ona şans verməyə başlaya. Əlbəttə, bu bir iddiadır. Amma heç də məntiqsiz fikir deyil. Bizim futbol başbilənlərimizdən hər cür əndirabadi, qeyri-peşəkar addım gözləmək olar. Futbolumuzun ləng inkişafının səbəbi elə AFFA deyilmi? Formasının zirvəsində olan Ağabala Ramazanovun startda meydana buraxılmaması da kobud səhvlərdən biri idi.

"2-ci mərtəbə" nəzərə alınmadı

 

kamranqol

Əlbəttə, müdafiədəki kobud səhvlərdə kapitanın yoxluğu sözünü deyirdi. Rəşad Sadıqovun meydanda varlığı belə komandanın özünə çəki-düzən verməsi üçün kifayət edir. Təcrübəli futbolçu yoldaşlarını soyuqqanlı və ürəklə oynamağa sövq edir. Sadıqov meydanda olanda sanki digər futbolçularda da özünəinam yaranır, fədakarlıq duyğusu aşıb-daşır. Amma bu yerdə bir xatırlatma etməyə ehtiyac var. DÇ-2014-ün seçmə mərhələsində də Şimali İrlandiya rəqiblərimizdən biri idi. Bildiyiniz kimi, həmin seçmə mərhələdə baş məşqçimiz Berti Foqts idi. Alman mütəxəssisin rəhbərliyi altında şəxsi rekordumuzu yeniləmiş, qrupda 9 xal toplamışdıq. Həmin seçmə mərhələdə Belfastdan bir xalla ayrılmışdıq. O zaman da Rəşad heyətdə yox idi. Amma Foqts rəqibin "2-ci mərtəbə"də yaxşı oynadığını gözəl bilirdi. Qurduğu heyət də məhz buna hesablanmışdı. Belə ki, təcrübəli mütəxəssis heyətə maksimum dərəcədə ucaboy futbolçuları daxil etmişdi. Ruslan Abışov və Vladimir Levin müdafiənin mərkəzində yer almış, Rasim Ramaldanov dayaq yarımmüdafiəçi kimi oynadılmışdı. Bu 3 futbolçunun hava toplarında hakimliyi nəzərə alınmışdı. Hətta cinah futbolçular da ucaboy oyunçular idi. Hamı yaxşı bilir ki, Şimali İrlandiya demək olar ki, cinah ötürmələriylə fərqlənməyə çalışır. Bizim isə zəif tərəfimiz "2-ci mərtəbə"dir. Belə olan halda niyə ucaboy futbolçular heyətə salınmadı?
Əslində ən azı sırf bu oyun üçün "Kolxeti"nin əsas heyət üzvünə çevrilən, stopper olsa da, Gürcüstan çempionatında 2 qola imza atan Rasim Ramaldanov heyətə cəlb edilməliydi. Rasimlə Bədavi stopper kimi çıxış etməli, Abışov isə Qaranın yerinə müdafiəçilərin önündə libero funksiyasını yerinə yetirməliydi. Maksim doğma mövqeyində - müdafiənin sağında yer almalı, Məhəmməd Mirzəbəyov sola keçməliydi. Arif Daşdəmirovun sol cinahdakı səhvləri saysız-hesabsız idi. Bəstəboy Mahmudovun yerinə isə Nazarov meydana çıxmalıydı. Ucaboy Eddi İsrafilovun da xidmətindən yararlanmaq pis olmazdı. Məhz bu futbolçularla "yaşıllar"ın təhlükəli ötürmələrini zərərsizləşdirmək olardı. İlllər öncə Berti Foqtsun etdiyi kimi...

Bir qədər də rəqib haqda

Şimali İrlandiya qələbə niyyətini ilk "11-lik"dən büruzə vermişdi. Baş məşqçi Maykl O’Nill britaniyalılara xas taktiki düzülüşə üstünlük vermişdi. Belə ki, "yaşıllar" meydana ənənəvi 4-4-2 taktikasıyla çıxmışdı. Qapıda Maykl Makqovern yer almışdı. Müdafiə "4-lüy"ünü Kris Brant, Conni Evans, Qaret Makauli və Konor Maklaulin təşkil edirdi. Yarımmüdafiənin solunda Şeyn Ferquson, sağında Korri Evans qərarlaşmışdısa, mərkəzdə Stiven Deyvis və Oliver Norvuud yer almışdı. Hücumda Kayl Lafferti ilə Çoş Maqennis qol axtarışındaydı. 27-ci dəqiqədə Lafferti hesabı açdı. Bu, cari seçmə mərhələdə qapımızda gördüyümüz ilk qol oldu. 40-cı dəqiqədə cərimə zərbəsindən ötürülən topu Makauli tora göndərdi. 66-cı dəqiqədə meydan sahiblərinin ikinci hissədəki ilk zərbəsi məhsuldar alındı. Korner asmasını Maklaulin başla dəqiq tamamladı. Son nöqtəni isə 83-cü dəqiqədə Brant qoydu.

Şanslar hələ tükənməyib

Bu məğlubiyyət nəticəsində "C" qrupunda 3-cü pilləyə gerilədik. Şimali İrlandiya ilə eyni miqdarda (7) xalımız olsa da, britaniyalılar həm şəxsi oyunlarda, həm də top fərqində yığmamızı qabaqlayır. Əslində qrupda 2-ci yeri tutmaq şansları heç də möcüzəvi deyil. Əlbəttə, Almaniyadan növbəti oyunda xal alacağımızı gözləməyə dəyməz. "Alman maşını" sensasiyaya imkan verənlərdən deyil. Bakıda "nemeslər"dən xal qoparmağa ümid etməyək. Ancaq qrup 2-cisi olmaq istəyiriksə, mütləq Şimali İrlandiya, Çexiya və San Marinoya evdə qalib gəlməliyik. Norveç səfərində də uduzmasaq, pley-offa vəsiqə qazana bilərik.

Səhvlərdən nəticə çıxarın!

Bu məğlubiyyət Prosineçkini ayıltmalı, tənqidlərə qərəzli münasibət kimi baxmamalıdır. Formada olan futbolçular mütləq yığmaya dəvət olunmalıdır. İlkin Qırtımov, Slavik Alxasov kimi cinah müdafiəçilərini yenidən milliyə dəvət edib, ən azı yoxlama oyunlarında sınaqdan keçirməlidir. Nizami Hacıyev və Asif Məmmədovun da üzünə əsas komandanın qapısını bağlamaq olmaz. Onlar hazırda yaxşı formadadır və bəzi futbolçulardan daha çox yığmada oynamağa layiqdir. Həmçinin "Kayserispor"un əsas heyət üzvünə çevrilməkdə olan Ufuk Budakı, Almaniyada çıxış edən Rüfət Dadaşovu da siyahıdan silmək olmaz.

Anar Cəfərsoy

 

Digər xəbərlər