Supersport.Az-ın əldə etdiyi məlumata görə, martın 26-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq “Qarabağ” – “Qalatasaray” xeyriyyə matçına maraq azalıb. Məsələ burasındadır ki, iki gün əvvəl qarşılaşmaya 55 min bilet satıldığı halda, indi bu rəqəm 57 minə qalxıb.
Supersport.Az-a “Qarabağ” klubunun mətbuat katibi Gündüz Abbaszadə oyuna marağın azalmasının səbəbini açıqlayıb, azarkeşləri qardaşlıq matçına səsləyib. O, bildirib ki, qarşılaşma üçün 3, 5 manat olan biletlərin hamısı qurtarıb.
Oyuna bahalı – 30, 50, 100 manatlıq biletlər qalıb.
“Fürsətdən istifadə edib azarkeşlərimizi qardaşlıq, xeyriyyə oyununa dəvət edirəm, tələsin. Yəqin ki, həm son zamanlar qeyri-iş günləri olduğundan, həm də aşağı qiymətdə olan biletlər tükəndiyindən oyuna maraq azalıb” – deyə, G.Abbaszadə qeyd edib.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunun tamaşaçı tutumu 68,700 nəfərdir. “Qarabağ” – “Qalatasaray” matçına 62 mindən artıq bilet satışa çıxarılıb.
Qarşılaşma martın 26-ı saat 20:00-da oynanılacaq.
Qardaşlıq oyunundan əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.