"Turan Tovuz"un çempionluq planı

"Turan Tovuz"un çempionluq planı
Futbol, Eksklüziv
413
26 İyul 2025 - 13:00

Supersport.Az-ın əldə etdiyi məlumata görə, yeni mövsüm çempionluğu hədəfləyən "Turan Tovuz" Peşəkar Futbol Klubu heyətini gücləndirməyə davam etməyi planlaşdırıb.


"Turan" 9 illik fasilədən sonra premyer liqaya vəsiqə qazanandan sonra 6-cı və 4-cü olub. Tovuz təmsilçisinin 20 il ərzində ən yaxşı göstəricisi çempionatda 4-cü pilləni tutmaqdır.


"Turan Tovuz" klubu yeni mövsümə böyük iddiayla - ölkə çempionu olmaq istəyilə başlamağı, yaxın üç il ərzində Avropa yarışlarında əsas mərhələyə vəsiqə qazanmağı hədəfləyib.


"Hünərimiz var, tarix yazmağa" şüarıyla meydana çıxan "Turan", bu məqsədini reallaşdırmağa çalışacaq. 


Tovuz klubu heyətini gücləndirərək, güclü azarkeş ordusuyla hədəflərinə çatmaq üçün mübarizə aparacaq.


"Hünər" Şirkətlər Qrupunun, "Turan Tovuz" klubunun rəhbəri Ehtiram Quliyev komandanın peşəkarlığının artırılması üçün addımlar atır.


Tovuz klubunun 500-dən çox müxtəlif yaş qrupunda futbolçuları yetişdirilir.


"Turan"ın stadionunun təbii meydançası müasir standartlara uyğun yenilənir. Bölgə təmsilçisinin paytaxtda da təlim-məşq bazası qurması müsbət məqamlardandır. Bakıdakı infrastrukturun inşası həm vaxt itkisinin, həm əlavə xərclərin qarşısını alacaq, həm də komandanın daha yaxşı hazırlaşmasına faydalı olacaq.


"Turan Tovuz"un təcrübəli baş məşqçisi Qurban Berdıyevin göstərişinə əsasən, komandaya azı 3-4 yeni futbolçu da cəlb olunması üçün fəaliyyət göstərilir.


Türkiyədə hazırlıq keçən "Turan Tovuz" hələ ki, heyətinə üç futbolçu - David Oliveyra Tavareş (son klubu "Buzau", Rumıniya), Abdulla Rzayev ("Sabah"dan icarəyə götürülüb) və Roberto Olabeni ("İbiza", İspaniya) cəlb edib. David "Benfika"nın yetirməsidir, Olabe "Atletiko Madrid"lə UEFA Superkubokunu qazanıb.


Tovuz klubu 10 futbolçu - İvan Konovalov, Alexandro Serrano, Kauan Martins de Paula, Eltun Turabov, Kristian da Silva, İsmayıl Zülfüqarlı, Araş Qadiri, Anton Kraçkovski, Sadiq Quliyev və Orxan Əliyevlə yolları ayırıb.

Digər xəbərlər