"Qarabağ" fransalı hücumçuyla maraqlanır
"Qarabağ" klubu əcnəbi futbolçuyla maraqlanır.
Supersport.Az-ın Polşa mətbuatına istinadən məlumatına görə, Azərbaycan klubu Varşava "Legiya"sının fransalı mərkəz hücumçusu Allan Miqel Alfarelanı transfer etməyə çalışır.
Polşa təmsilçisinin 27 yaşlı futbolçusu üçün Fransada çıxış edən, amma adı açıqlanmayan klubun da təklif göndərdiyi bildirilib.
Alfarela ötən yay 1 milyon avroya Fransanın "Bastiya" klubundan "Legiya"ya keçib. Onun paytaxt təmsilçisi ilə müqaviləsi 2027-ci ilə qədərdir. "Transfermarkt" portalında hücumçunun transfer dəyəri 600 min avrodur.
Alfarela mərkəzdə, sağ və sol cinahlarda oynaya bilir.
O, ümumilikdə 22 oyunda (644 dəqiqə) 1 qol vurub, 2 məhsuldar ötürmə edib. Xəstəliyi səbəbindən 27 yaşlı futbolçu İspaniyanın Oliva şəhərindəki qış təlim-məşq toplanışına komanda ilə birlikdə gedə bilməyib. Alfarelanın yaxın günlərdə komandaya qoşulacağı bildirilir.