İlham Əliyev olimpiadada uğur qazananları pulla mükafatlandırdı

İlham Əliyev olimpiadada uğur qazananları pulla mükafatlandırdı
Olimpiya, Digər, Seçilmişlər
769
13 Avqust 2024 - 15:07

Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.



Supersport.Az xəbər verir ki, Sərəncama əsasən, dörd nəfər “Şöhrət” ordeni, bir nəfər 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, iki nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, üç nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, yeddi nəfər 3-cü dərəcəli “Əmək” ordeni, iki nəfər isə “Tərəqqi” medalı ilə təltif edilib.



İdmançılar və onların məşqçiləri bu mükafatlara XXXIII Paris Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə layiq görülüblər.



Prezident İlham Əliyev, həmçinin “Fransanın Paris şəhərində keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında” Sərəncam imzalayıb.



Sərəncama əsasən, birinci yeri tutan hər bir idmançıya dörd yüz min manat, onun məşqçisinə iki yüz min manat, ikinci yeri tutan hər bir idmançıya iki yüz min manat, onun məşqçisinə yüz min manat, üçüncü yeri tutan hər bir idmançıya yüz min manat, onun məşqçisinə isə əlli min manat mükafat müəyyən edilib.




Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.




Xatırladaq ki, iyulun 26-da Sena çayı ətrafında açılış mərasimi olan Paris-2024-də Azərbaycan 48 idmançı ilə təmsil olunub. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edib. Millimizin heyətində cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq), boksçu Alfonso Dominqes (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçilər Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc medala sahib çıxıblar.


Medalların əyarına görə, sıralamada Azərbaycan (2 qızıl, 2 gümüş, 3 bürünc medal) Xorvatiya ilə 30-31-ci yerləri bölüşdürüb. Respublikamız maliyyəsi bizdən az olan Özbəkistan (8 qızıl, 2 gümüş, 3 bürünc medal - 13-cü yer), Gürcüstandan (3 qızıl, 3 gümüş, 1 bürünc medal - 24-cü pillə) geri qalıb. Olimpiadaya qatılan 206 ölkədən 91-i mükafat qazanıb.


London-2012 Yay Olimpiya Oyunlarında Azərbaycan 15 idman növündə 53 idmançıyla 32-ci (2 qızıl, 2 gümüş, 5 bürünc medal) olmuşdu. Gürcüstan 39-cu (1 qızıl, 3 gümüş, 3 bürünc medal), Özbəkistan 46-cı (2 bürünc medal) yeri tutmuşdu.

Digər xəbərlər