Tahir Süleymanov Elxan Məmmədovu "topa tutdu"

Tahir Süleymanov Elxan Məmmədovu "topa tutdu"
Futbol, Tribuna, Yazarlar
28 Fevral 2019 - 20:16
"Azərbaycan futbolu 15 il həvəskar səviyyədə idarə olunub"

Futbol mütəxəssisi Tahir Süleymanov AFFA rəhbərliyinin fəaliyyətini təhlil edib, ciddi nöqsanlar olduğunu bildirib.

15 ilə yaxındır Azərbaycan futbolu həvəskar səviyyədə idarə olunaraq eksperimentlər məkanına çevrilib. Bu illər ərzində klublar da daxil ölkə futboluna 2 milyard dollara yaxın vəsait xərclənib. Azərbaycan şərtləri üçün fantastik məbləğdir.

Futbolda hər il minimum 5 ilə bərabərdir. Strateji olaraq bir-iki yanlış addım atılırsa, bir futbol nəslinin məhv edilməsi deməkdir. Səhvləri aradan qaldırmaq üçün illər lazım olur.

O da, düzgün işlər aparılarsa, səhvlərdən dərhal nəticə çıxarılarsa...

AFFA İcraiyyə Komitəsi katibliyə müstəsna səlahiyyətlər verib. Maliyyə, infrastruktur, millidən tutmuş uşaq futboluna kimi rəhbərlik, nəzarət baş katibin əlində cəmləşib. Bununla yanaşı, təbii ki, ölkə futbolunun mövcud durumuna struktura uyğun federasiya rəhbərliyi, İcraiyyə Komitəsi baş katiblə yanaşı birbaşa məsuliyyət daşıyırlar.

Elxan Məmmədovun son çıxışı bumeranq effekti verdi. Şəxsi müsbət imicinin formalaşdırmasına illərini sərf edən baş katib, bir verilişlə hamısının üstündən xətt çəkmiş oldu. Hətta alternativ sualların, "sıxma-boğma"nın olmaması fonunda, futbolun "partiya" kanalında belə ictimaiyyətin sualları qarşısında duruxub qaldı, futbolda da olduğu kimi baş çıxara bilmədi.

Milli komandaya çox yer verildi. Diqqətdən yayınan önəmli məqam yaşandı. Baş katib açıq etiraf etdi, "A" milli və klubların baş məşqçilərini ancaq öz işləri, nəticə maraqlandırır. Onlar ümumi işi, gələcək perspektivi düşünmürlər.

Bunu anlamaq üçün baş katibə 10 ildən çox vaxt lazım olub. Təəccüblü deyil. Həvəskar düşüncə ilə peşəkar futbolu dərk etmək mümkünsüzdür. Uzun illər keçsə də, bu məsələdə Elxan Məmmədov tam olaraq haqlıdır.

Hər zaman vurğulayıram, klub-komanda anlayışı fərqlidir. Eynilə AFFA-milli məsələsinə də fərqli prizmadan yanaşılmalıdır. Klubun strateji inkişafına birbaşa rəhbərlik cavabdehlik daşıyır. Baş məşqçi futbolçu kimi müqaviləli şəxsdir və ancaq özünü, karyerasını düşünür. Psixoloji baxımdan fərqli anlayış da ola bilməz. Hər bir məşqçi bilir ki, nəticə olmasa, dərhal yola salınacaq. Milliyə gətirilən məşqçilər də eyni düşüncəyə sahibdilər. Futbolun gələcəyini, inkişafını federasiya rəhbərliyi kompleks şəkildə düşünməlidir. Nəinki ölkə futbolu, heç klub səviyyəsində belə klubun tam yükünü məşqçi öz üzərinə götürə bilməz. Buna nə vəzifəsi, gücü, vaxtı çatmaz...

Hazırda da yanlış suallar, düşüncələr səslənir. Yurçeviç gəlib, görək futbolumuzu necə dəyişəcək?! Torres, Foqts, Prosineçki, Qurbanov...Bu illər ərzində nə dəyişdi ki, Yurçeviç də davamını gətirsin? Dəyişməyən bir amil var, hər gələn milyonları süpürüb, məşqçi dili ilə desək, çemadanlarını götürüb gedirlər.

Futbola cavabdehlər isə rahat öz yerlərindədilər. Elxan Məmmədov 10 ilin qənaətini dilə gətirərək illərdi bildirdiyimiz həqiqəti təsdiq etdi. Bununla da futbolu dərindən bilmədiklərini əyani olaraq göstərmiş oldu.

Həvəskar təfəkkürlə futbolu idarə edə-edə 10 illər keçib, 100 milyonlar havaya sovrulub, ciblərə axıb. Futbolun fəlsəfəsini bilməyənlər Foqts haqqında kliplər çəkdirib, hər tsiklda 1 xalı möhtəşəm uğur sayıb millətin gözünə kül üfürüblər.

Təəssüf ki, buna inananlar da az olmayıb. İndi isə, Millətlər Liqasındakı fiaskodan sonra Avro-2020-yə vəsiqə tələb olunur. 10-15 ilə futbolu dağıda-dağıda hansı məntiqlə?! Xeyr, bu tələb birbaşa ölkə prezidentinin tələbidir və bu yanaşmada ölkə rəhbərliyi ilə futbol içtimaiyyətinin, azarkeşlərin fikri haqlı olaraq üst-üstə düşür...

15 ildir pulların sel kimi axdığı futbolda bir təsadüfi qələbəni toy-bayram edib milyonlarla mükafat paylayanların yadına finallar indi düşüb?! Yox, dövlətin, xalqın pullarını ata malı kimi səpələyə-səpələyə piramidanın son pilləsinə yaxınlaşılıb. Ondan o tərəfi artıq uçurumdur...

Tək milli deyil, U-21, aşağı yaş qrupları üzrə yığmaların da strateji inkişafını AFFA nizamlamalı, tənzimləməlidir. Yoxsa hər gələn məşqçi kefi nə istədi edib, cibini dolduraraq sağollaşıb getməyilə futbol düzəlməz.

Əcnəbi sevgisindən əl çəkilmir. Xorvat-serb tandemindən "limandra" düzəltmək, mehriban düşmənləri paytaxtımızda barışdırmaq eşqinə düşüblər. Belə xeyirxahsız, millətləri düşünürsüz, gedin Quzanlıda, Füzulidə, sərhəd bölgələrində bir-iki akademiya açın, qaçqın-köçkün balalarımız da bir gün görsünlər, qayğı hiss etsinlər...

Milli məşqçilərin poliqonuna çevrilib. Demə, yığma tramplin imiş, "tullana-tullana" əcnəbi məşqçilər yetişdirilir. Məntiq(sizlik) fantan vurur, belə getsə Nobel prospektini su basacaq...

Lippert də həmişə olduğu kimi bəh-bəhlə təriflənir.

"Neftçi" ilə Türkiyədə təlim-məşq toplanışındaydıq. İllərdi millətin pulu ilə yeyib-yatan almanın rəhbərliyi ilə U-21-də Antalyada idi. Şəraitləri bizdən də yaxşı. Varlığa nə darlıq...Bir çox gənc futbolçularımız yığmanın düşərgəsində idi, rəsmi dəvət almışdılar. Bununla yanaşı tam hazır olan Elvin Yunuszadə, Ağabala Ramazanov, Məqsəd İsayev U-21-ən kənarda qalmışdı..

Antalyadan Elxan Məmmədova telefon açıram.

Durumu izah edib U-21-n məşqçilər korpusunun hara baxdığını, necə seçim etdiklərini, seleksiya apardığını, nə işlə məşğul olduqlarını soruşuram. Qeyd etdiyim futbolçuların U-21-ə tam hazır olduqlarını əminliklə vurğulayıram və yoxlamadan keçməklərini təkid edirəm.

İnsafən, baş katib məsələyə dərhal reaksiya verir və məsələni daxildə qaldırır. Futbolçulara dəvət gəlir və gecəylə düşərgəmizə təşrif buyurub əlavə 4 futbolçunu yığmaya aparırlar. İlk yoxlama görüşündən sonra Elvin, Ağabala, Məqsəd U-21-n aparıcı futbolçularına çevrilirlər. Bu gün də çıxış etdikləri klublarda əsas heyət üzvləridirlər...

Təsəvvür edin, illər ərzində neçə-neçə bacarıqlı futbolçular məhv edilib, nəzarət mexanizmi yaradılmayıb. Bu hələ Bakıdır, göz önündə olan futbolçulardır. Bölgələrimizdə klubların dağılması, dağıdılması, millilərə obyektiv seleksiyanın aparılmaması fonunda onlarla, yüzlərlə istedadlı, bacarıqlı futbolçular kənarda qalıb, baxımsızlıqdan məhv edilib. Bunun əvəzinə federasiyada lövbər salmış menecerlər vasitəsilə illərdi gəlir mənbəyi, mexanizmi qurulub, əcnəbilər milliləşdirilir, yığmalara yolları açılır, 100 minlər, milyonlar qazanılır.

İnkişafdan dəm vuranlar futbolda itirilən illəri göz önünə gətirməlidirlər. Bəla da odur ki, yuxarıda qeyd etdiyim Lippert və yerli "baş üstə"lər bu gün də baş katibin ətrafındadılar, göz bəbəyi kimi qorunurlar. Bu, bir daha sübut edir ki, dağıdıcı futbol şəbəkəsi birbaşa özləri tərəfindən idarə olunur...

Bu illər ərzində Azərbaycan futbolu fərqli yerlərdə olmalıydı. Bunun üçün kifayət qədər vəsait, dövlət, sponsorlar tərəfindən şərait yaradılmışdı və hal-hazırda da qayğı göstərilir.

Həvəskar futbol düşüncəsi tərzi, şəxsi məqsədlər, "dəlləklik" təfəkkürü ilə ölkə futbolu Bayıl-Zirə-Mərdəkan çərçivəsinə salınıb, vargəl edir...

 

Digər xəbərlər