Azərbaycanın ən güclü taekvondoçuları

Azərbaycanın ən güclü taekvondoçuları
Digər, Taekvondo
29 Dekabr 2018 - 10:07


Azərbaycan Boks Federasiyasının idman zalında keçirilən böyüklər arasında taekvondo üzrə respublika çempionatı başa çatıb.

Beləliklə, yarışların ikinci gününün qalibləri də məlum olub.

Supersport.Az xəbər verir ki, kişilər arasında yarışda Əli Məmmədov (58 kq), Məhəmməd Məmmədov (68 kq), Əliəsgər Əliyev (74 kq) çempion adını qazanıblar. Qadınların mübarizəsində Patimat Abakarova (53 kq) və Fəridə Əzizova (73 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Komanda hesabında birinci yerə “Təhsil” Respublika İdman Mərkəzinin, ikinci yerə Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin komandaları, üçüncü yerə “Gömrükçü” İdman Klubu layiq görülüb.

Yarışın ədalətli hakimi Elşad Məmmədov, ədalətli məşqçi Samir Aydınov, ədalətli idmançı Cavad Ağayev, ən yaxşı hakim Vasif Qurbanov və Aygül Abdullayeva seçiliblər.

Qalib idmançılar Gənclər və İdman Nazirliyinin təsis etdiyi müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.

Qeyd edək ki, Azərbaycan Taekvondo Federasiyasının (ATF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən çempionatda respublikamızda fəaliyyət göstərən taekvondo bölmələrinin və klublarının 2001-ci il və ondan böyük yaş qruplarının idmançıları mübarizə aparıb.

Çempionat Azərbaycanda taekvondonun təbliği və inkişaf etdirilməsi, respublikada fəaliyyət göstərən taekvondo bölmələrinin işinin təkmilləşdirilməsi, böyüklər arasında kişilər və qadınlar üzrə yığma komandanın tərkibinin müəyyənləşdirilməsi, idmançıların yarış təcrübəsinin və ustalığının artırılması məqsədi daşıyıb.

Kişi və qadın idmançıların mübarizə apardığı yarışda 100-dək taekvondoçu iştirak edib.

Digər xəbərlər