Olimpiya çempionu Bakı-2015-in elçisi seçilib

Olimpiya çempionu Bakı-2015-in elçisi seçilib
Digər, Taekvondo
13 Fevral 2015 - 16:45
Fevralın 11-də Avropa Oyunları Əməliyyat Komitəsi britaniyalı taekvondoçu Ceyd Consun Bakı-2015-in beynəlxalq idman elçisi olacağını elan edib.


Supersport.Az xəbər verir ki, Ceyd Cons 2012-ci il XXX London Yay Olimpiya Oyunlarında 57 kq çəki dərəcəsində Böyük Britaniyanın taekvondo üzrə qızıl medal qazanmış ilk idmançısı olub. O, həmçinin 2011-ci ildə Koreya Respublikasının Cyoncu şəhərində keçirilən taekvondo üzrə dünya çempionatında gümüş medal qazanıb. İdmançı növbəti gümüş medala isə keçən ilin mayında Bakıda keçirilən taekvondo üzrə Avropa çempionatında layiq görülüb.


"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bu barədə deyib: "Belə məşhur Olimpiya çempionunun "Bakı-2015"-in elçisi olması ilk Avropa Oyunları üçün böyük nailiyyətdir. Bu, yüksək səviyyəli peşəkar idmançıların Oyunlara cəlb ediləcəyinə sübutdur. Əminəm ki, Ceyd Cons beynəlxalq idman elçisi kimi, Avropa Oyunlarını Böyük Britaniyada uğurla təbliğ edəcək. Biz onun bu yay Bakıda keçiriləcək Avropa Oyunlarında müvəffəqiyyətlə çıxış edəcəyinə ümid bəsləyirik”.


İyirmi bir yaşlı Ceyd Cons isə bununla əlaqədar bildirib: "Bakı-2015 Avropa Oyunlarının idman elçisi adına layiq görüldüyümə görə çox şadam. Avropa Oyunlarını təbliğ etmək mənim üçün böyük şərəfdir. Qitənin çoxnövlü idman yarışlarının keçirilməsi avropalı atletlər üçün çox vacibdir. Əsas hədəfim taekvondo üzrə birinci Avropa Oyunlarının çempionu olmaqdır”.

Digər xəbərlər