Boksda 5 bürünc medal təmin olunub

Boksda 5 bürünc medal təmin olunub
İslamiada-2017, Boks
15 May 2017 - 22:00
IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarının dördüncü günündə dörddəbir final mərhələsində dörd boksçumuz rinqə çıxıb.

Birinci Avropa Oyunlarının mükafatçısı olan Tayfur Əliyev (56 kq) oyunlarda ilk döyüşündə Mərakeş boksçusu Taoufik Kaçfi ilə qarşılaşıb. Döyüş vaxtından əvvəl təmsilçimizin xeyrinə başa çatıb. Birinci raundda Mərakeş boksçusunun qaşı partladığı üçün o, döyüşü davam etdirə bilməyib. Nəticədə idmançımıza texniki qələbə verilib və o, İslamiadada ən azı bürünc medalı təmin edib. T.Əliyev mayın 17-də baş tutacaq yarımfinalda özbəkistanlı Abdulxay Şaraxmatov ilə qarşılaşacaq.

Turnirdə 69 kiloqram çəki dərəcəsində çıxış edən Tamerlan Abdullayev ikinci döyüşünü keçirib. Dörddəbir final mərhələsində boksçumuz qətərli Tulasimaraam Tarumalinqamı məğlub edib. T.Abdullayev mayın 17-də baş tutacaq yarımfinalda qazaxıstanlı İlya Oçkinlə döyüşəcək.

91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Məhəmmədrəsul Məcidov da ikinci döyüşünə çıxıb. O, dörddəbir finalda misirli Uosri Hafizlə qarşılaşıb. İkinci raundda rəqib mübarizəni davam etdirmək istəmədiyi üçün döyüş yarımçıq dayandırılıb və dünya çempionumuz qalib elan olunub. M.Məcidov yarımfinalda Hüsseyn İaşaiş ilə (İordaniya) üz-üzə gələcək. Görüş mayın 17-də keçiriləcək.

Turnirdə 49 kiloqram çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov birinci döyüşündə Omid Əhmadisafa (İran) ilə qarşılaşmada 1:4 hesablı məğlub olub.

Qaydalara əsasən, yarımfinala yüksəlmiş boksçular özlərinə ən azı bürünc medalı təmin etmiş olurlar. Buna görə də Azərbaycan millisinin yarımfinala yüksələn beş üzvü artıq bürünc medalları təmin ediblər.

IV İslam Həmrəyliyi Oyunlarının boks yarışları mayın 18-də başa çatacaq.

Digər xəbərlər