Güləş yığmamız üçüncü oldu/Foto-Video
Digər, Güləş, Video, Foto
13 Mart 2017 - 00:11
Supersport.Az-ın məlumatına görə, Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 45-ci beynəlxalq turnir keçirilib.
Baş məşqçi Firdovsi Umudov, məşqçilər Əsgərxan Novruzov və Rövşən Hacıyevin rəhbərliyi altında yığma komandanın 5 üzvü turnirdə mübarizə aparıb. Güləşçilərimiz turniri 2 qızıl və 1 gümüş medalla başa vurub. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən belə məlumat verilib.
Qızıl medalları yığmamıza Qalib Əliyev (61 kq) və Aslanbek Alborov (97 kq) qazandırıb. Hər iki güləşçimiz finalda Türkiyə təmsilçisindən üstün olub. Qalib Əliyev Abdi Zurnaçını 4:1 hesabı ilə üstələdiyi halda Aslanbek Alborov Rza Yıdırımı vaxtından əvvəl 12:2 hesabı ilə məğlub edib.
57 kq-da mübarizə aparan Mahir Əmiraslanov isə Türkiyə idmançısı Süleyman Atlı ilə final görüşündə uduzaraq gümüş medalla kifayətlənib.
Komanda hesabında yığmamız Türkiyə və Rusiyadan sonra üçüncü pillədə qərarlaşıb.
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vüqar Şükürov ölkəmizi təmsil edib.