Azərbaycan Milli Karate Federasiyasında yekun

Azərbaycan Milli Karate Federasiyasında yekun
Karate, Digər
27 Dekabr 2016 - 20:55


Dekabrın 27-də Azərbaycan Milli Karate Federasiyasında 2016-cı idman ilinə yekun vurulub.

Federasiyadan Supersport.Az-a bildiriblər ki, ilin yekunu ilə bağlı keçirilən mətbuat konfransında AMKF-nin prezidenti Yaşar Bəşirov, birinci vitse-prezident Rəhman Hətəmov, vitse-prezident Yusif Məmmədov, baş katib Mircabbar Seyidov, qadınlardan ibarət komandanın kapitanı İlahə Qasımova iştirak ediblər.

Y.Bəşirov bildirib ki, 2016-cı il AMKF üçün ən uğurlu illərdən biri olub. Bu il Azərbaycan karateçiləri 26 beynəlxalq turnirdə iştirak ediblər. İdmançılarımız il ərzində müxtəlif yarışlarda 129 medal qazanıblar. Onlardan 26-sı qızıl, 24-ü gümüş, 79-u isə bürüncdür. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev ölkəmizdə idmanın digər növləri ilə yanaşı, karatenin də inkişafına yüksək diqqət və qayğı göstərir. Belə ki, bir sıra həvəsləndirici tədbirlərlə yanaşı, milli komandanın kata üzrə böyük məşqçisi Vahid Ayvazova yeni mənzilin orderi təqdim edilib.

Tədbirdə gələn ilə dair planlar barədə məlumat verilib. Bildirilib ki, federasiya IV İslam Həmrəyliyi Oyunlarına gücləndirilmiş iş rejimində hazırlaşacaq. Bundan başqa, ölkəmizdə karatenin daha da kütləviləşməsinə nail olmaq üçün bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Gələn il karateçilərimizi yeniyetmə və gənclərin Avropa və dünya çempionatları, böyüklərin qitə birinciliyi, eləcə də bir neçə Premyer Liqa turniri gözləyir. Qarşıda duran əsas hədəflərdən biri də perspektivli idmançıları 2018-ci ildə Argentinada keçiriləcək yeniyetmə və gənclərin olimpiadasına lisenziya qazanmağa hazırlamaqdır.


Digər xəbərlər