NATALİYA SİNİŞİN: "MEDALI QIZIMA VƏ İTİRDİYİM ATAMA HƏSR EDİRƏM"

NATALİYA SİNİŞİN: "MEDALI QIZIMA VƏ İTİRDİYİM ATAMA HƏSR EDİRƏM"
Olimpiya, Rio-2016, Digər
19 Avqust 2016 - 17:41


Azərbaycan yığmasının aktivinə növbəti medalı qadın güləşçimiz Nataliya Sinişin qazandırıb. Supersport.Az saytının məlumatına görə, 53 kq çəki dərəcəsində bürünc mükafata layiq görülən milliləşdirilmiş idmançı müsahibəsində bu nəticəni böyük uğur hesab etdiyini bildirib.

 

- Bürünc medal qazanmağınız münasibətilə sizi təbrik edirik. Mübarizə necə getdi?

- Hər şey yaxşı alındı. Mən çox razıyam, göstərdiyim nəticəyə görə xoşbəxtəm. Olimpiya Oyunlarının istənilən medalı böyük sevinc, xoşbəxtlikdi. Bu üzdən mən də qazandığım uğura görə özümü xoşbəxt hiss edirəm.

 

- İlk mərhələdə rəqibiniz həmin vaxt 3 qat Olimpiya çempionu olan yaponiyalı Saori Yoşida idi. Püşkün belə olması çıxışınıza təsir etdimi?

- Ola bilər ki, təsir etdi. İlk döyüş həmişə ağır olur. Yarışa qədər xeyli çəki atmalı olmuşdum. Bu səbəbdən yeni çəkini tam hiss etmək, ona uyğunlaşmaq üçün zaman lazım idi. İlk görüşdə rəqibin çox güclü olması isə bu mənada çətinlik yaratdı. Buna görə də, birinci rəqibin münasib olması daha yaxşıdı ki, sonra güclülərlə güləşmək mümkün olsun. Amma hamı eyni vəziyyətdədi. Mən özümü zəif idmançı saymıram.

 

- Nəticədən razısınızmı?

- Bəli. Çünki medal istənilən halda medaldı. Buna çox sevinirəm.

 

- Bu medalı kimə həsr edirsiniz?

- Rioda qazandığım medalı qızıma həsr edirəm. O, evimizdə məni gözləyir. Hələ balaca olsa da, mənim üçün həyəcan keçirir, darıxır və başa düşür ki, mən də onu görmək istəyirəm. Medalı həmçinin 3 il əvvəl itirdiyim atama həsr edirəm. O, Olimpiya mükafatı qazandığımı görsəydi, sevinər, mənimlə fəxr edərdi. Atam həmişə mənə dəstək olub. Uğuruma görə federasiyaya, məşqçilərimə - Semyon Şiterevə, Nazim Əlicanova və şəxsi məşqçim olan həyat yoldaşıma təşəkkür edirəm. Bütün doğmalarıma, azarkeşlərimə, Azərbaycana təşəkkür edirəm ki, mənə inanırdılar, dəstək verirdilər. Bütün bunların xalça üzərində köməyi dəyirdi. Bu dəstəyi hiss edəndə tam fərqli olur. Güləşməyə çıxanda onları məyus etməməyə çalışırsan.

 

- Qızınızın da sizin kimi güləşlə məşğul olmasını istəyirsinizmi?

- Xeyr, istəmirəm ki, qızım da mənim kimi idmançı olsun. Çünki bu, çox ağır əməkdi. Onun belə əziyyət çəkməsini istəmirəm. Peşəkar idmanda bu, qaçılmazdı. Amma inkişaf üçün üzgüçülüyə, gimnastikaya və ya rəqslərə qoymaq olar. Amma peşəkar səviyyədə yox.

 

- İlk rəqibinizin güclü olması sizə psixoloji təsir göstərirdimi?

- Əksinə, mən çox yaxşı köklənmişdim. Rioya gələndə qızıl iddiasında idim. Bilirdim ki, güclüyəm. Medalsız qalacağım barədə heç düşünmürdüm də. Mükafatçılar sırasına düşəcəyimlə bağlı sanki məndə əminlik var idi. Amma bunun qızıl olmasını istəyirdim.

 

- Mükafat alandan sonra sizə bayrağın verilməməsi ilə bağlı xəbərlər yayılıb...

- Mən qalib gələndən sonra vaxt çox az idi. Mükafatlandırma, digər görüşlər, həmçinin dopinq yoxlanışı üçün çox az zaman qalmışdı. Bizim azarkeşlərimiz isə tribunada yuxarı yerlərdə oturmuşdular. Bu üzdən bayrağı mənə çatdıra bilmədilər. Onlar bayrağı mənə verəndə isə artıq gec idi, vaxt qalmamışdı. Buna üzülürəm. Çox istəyirdim ki, Azərbaycan bayrağı ilə orda dövrə vurum. Bu yolla ölkəmizə təşəkkür etmək istəyirdim. Bunu həyata keçirmədiyim üçün üzr istəyirəm.

 

Səmayə MƏMMƏDOVA

AGİN, Riodan.

Digər xəbərlər