Gənclər və İdman Nazirliyi: Ermənistan öz idmançısının qələbəsindən sui-istifadə etməklə mənfur xislətini dünyaya göstərdi

Gənclər və İdman Nazirliyi: Ermənistan öz idmançısının qələbəsindən sui-istifadə etməklə mənfur xislətini dünyaya göstərdi
Olimpiya, Rio-2016, Digər
17 Avqust 2016 - 21:37
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında Ermənistan güləşçisi Artur Aleksanyanın təxribata əl atmasına münasibət bildirib.

Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat katibi Samaya Məmmədova məlumat verib.

Gənclər və İdman Nazirliyinin açıqlamasında deyilir: “Müharibə şəraitində yaşamağımıza baxmayaraq, Azərbaycan tərəfi siyasi arena ilə müqayisədə, heç bir vəchlə idmanın siyasiləşdirilməsinin tərəfdarı olmayıb. Ermənistan idmançının dünənki hərəkəti, bu ölkənin qalib idmançıdan sui-istifadə etməsi də siyasəti idman meydançasına gətirmə cəhdi oldu. Daim özünü təcavüzə məruz qalmış xalq kimi təqdim etdirməyə çalışan Ermənistan bununla da öz mənfur xislətini bütün dünyaya nümayiş etdirib, cılız düşüncəyə malik olduğunu bir daha sübut etdi”.

Qeyd edək ki, ötən gün yunan-Roma güləşi üzrə Olimpiya çempionu olan Ermənistan idmançısı mükafatlandırma mərasimində arenaya üzərində Ermənistan ordusunun aprel döyüşlərində ölən hərbçisi, kiçik çavuş Robert Abadcanın şəkli olan köynəkdə çıxmışdı. Beynəlxalq Olimpiya Komitəsinin qaydalarına əsasən, idmandan siyasi məqsədlər üçün istifadə edilməsi qadağan edilib və bunun üçün ciddi cəzalar nəzərdə tutulub.

Ermənistan idmançısının bu hərəkəti Azərbaycan ictimaiyyətinin sərt etirazlarına səbəb olub.

Digər xəbərlər