BAKI İLK DƏFƏ FİG ŞURASININ İCLASINA EV SAHİBLİYİ EDƏCƏK

BAKI İLK DƏFƏ FİG ŞURASININ İCLASINA EV SAHİBLİYİ EDƏCƏK
Digər, Gimnastika
10 May 2016 - 20:22
Banqkokda Beynəlxalq Gimnastika Federasiyası (FİG) Şurasının iclası keçirilib.

Supersport.Az xəbər verir ki, iclas çərçivəsində Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov ölkəmizin növbəti FİG Şurası iclasının Bakıda keçirilməsi ilə bağlı namizədliyinin irəli sürməsi ilə əlaqədar təqdimatı toplantı iştirakçılarının nəzərinə çatdırıb.

Şuranın qərarına əsasən, növbəti ilin FİG Şurasının üzvləri ilk dəfə olaraq Bakıda toplaşacaqlar.

İclasda, həmçinin Azərbaycanın 3 gimnastla təmsil olunacağı (Marina Durunda – bədii gimnastika, Oleq Stepko və Petro Paxnyuk – kişi idman gimnastikası) “Rio-2016” Yay Olimpiya Oyunlarında gimnastika növləri üzrə yarışların təsnifat mərhələlərində idmançıların hansı ardıcıllıqla çıxış edəcəyini müəyyən edən püşkatma da keçirilib.

Şura FİG-nin idarəetmə strukturunda əhəmiyyətinə görə ikinci orqandır (birinci Konqresdir) və onun iclasları hər ilin mayında keçirilir.

44 üzvdən ibarət olan Şuranın vəzifələrinə FİG prezidentinin hesabatlarının nəzərdən keçirilməsi, FİG İcra Komitəsinin fəaliyyətinin təsdiq edilməsi, texniki reqlamentə dəyişiklik edilməsi, illik maliyyə hesabatının, yarışların keçirilməsinə ayrılan büdcənin təsdiq olunması daxildir.

Bakı növbəti 2017-2020-ci illəri əhatə edən Olimpiya dövrünün ilk FİG Şurasının qəbul edəcəyi mühüm qərarların şahidi olacaqdır.

Digər xəbərlər