GÜLƏŞÇİLƏR ÜÇÜN OLİMPİADAYA VƏSİQƏ VERƏN SON TƏSNİFAT TURNİRİ BAŞLAYIR

GÜLƏŞÇİLƏR ÜÇÜN OLİMPİADAYA VƏSİQƏ VERƏN SON TƏSNİFAT TURNİRİ BAŞLAYIR
Digər, Güləş
04 May 2016 - 19:04
6-8 mayda Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən II Dünya təsnifat turniri keçiriləcək. Supersport.Az xəbər verir ki, turnirdə yunan-Roma və qadın güləşi üzrə yığmamızın 4 üzvü Olimpiya vəsiqəsi uğrunda yarışacaq. Yarışlarda finala yüksələn hər bir güləşçi həm də Olimpiadaya vəsiqəni təmin edəcək.

Yığmamızı yunan-Roma güləşi yarışlarında Rəsul Çunayev (66 kq) və Şalva Qadabadze (98 kq), qadın güləşi yarışlarında isə Elis Manolova (63 kq) və Gözəl Zutova (75 kq) təmsil edəcək.

Turnirin proqramına əsasən, mayın 6-da yunan-Roma, 7-də isə qadın güləşçilər mübarizə aparacaq. İlk görüşlər Bakı vaxtı ilə saat 11:00-da, final görüşləri isə 19:00-da başlayacaq.

Görüşlərin idarə edilməsində ölkəmizi I-S (Olimpiya) dərəcəli hakim Hicran Şərifov təmsil edəcək.

Məlumat üçün bildirək ki, güləş yığmalarımız bu günədək Rio-de Janeyro Olimpiya Oyunlarına 13 vəsiqə qazanıb. Sərbəst güləşçilərimiz Olimpiya Oyunlarına tam heyətlə qatılacaq, komandamız 6 mümkün vəsiqənin hamısını əldə edib. Yunan-Roma güləşçilərimiz 4, qadın güləşçilərimiz isə 3 çəki dərəcəsində vəsiqəyə sahibdir.

Digər xəbərlər