"QƏBƏLƏ" RƏHBƏRLİYİ "TOYOTA" STADİONUNDA

"QƏBƏLƏ" RƏHBƏRLİYİ "TOYOTA" STADİONUNDA
Maqazin, Futbol, Digər, Eksklüziv, Video, Foto
19 Aprel 2016 - 19:47
"Qəbələ" İdman Klubunun rəhbərliyi – vitse-prezident Fariz Nəcəfov, baş menecer Zaur Əzizov, media və marketinq departamentinin rəhbəri Səməd Nəsibov, akademiya direktorunun müavini Nail Kərimov və akademiyanın baş məşqçisi Halim Fıçıcı Yaponiyanın “Naqoya Qrampus” Futbol Klubunun dəvəti ilə adıçəkilən ölkədə işgüzar səfərdədir. Dəvətdə məqsəd “Qəbələ”ni Yaponiya futbolu və “Naqoya Qrampus” klubu ilə yaxından tanış etmək və klubların təcrübəsini bölüşməkdir. Heyətimiz bu gün səfər çərçivəsində öncə klubun bazasını gəzib və əsas komandanın məşqini izləyib. Ardınca “Naqoya Qrampus”un baş məşqçisi Takafumi Ogura və “Qəbələ” Futbol Akademiyasının sabiq direktoru, hazırda “Naqoya Qrampus”da icraçı direktor və yardımçı məşqçi vəzifəsini yerinə yetirən Stenli Brardla görüş keçirilib. Görüşdə klublar arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Təmsilçilərimiz daha sonra klub akademiyasını ziyarət ediblər. Akademiyanın şəraiti, məşq prosesi və iş rejimi ilə tanış olan heyət ardınca “Toyota” stadionuna yollanıb. Burada təmsilçilərimizə stadion haqda ətraflı məlumat verilib. Bildirilib ki, “Naqoya Qrampus” hazırda oyunlarını rəqibə və azarkeş marağına görə iki stadionda keçirir. Daha vacib və böyük azaerkeş marağına səbəb olan oyunlar 40 min tutuma malik “Toyota” arenada keçirilir. Nisbətən az marağa səbəb olan matçlar isə 20 minlik  “Palomo Mizuho” stadionunda baş tutur.
İşgüzar heyət sabah Yaponiya Kuboku çərçivəsində keçiriləcək “Naqoya Qrampus”-“Vanforet Kofu” matçını izləyəcək. Oyun zamanı “Naqoya Qrampus”un prezidenti Kazumasa Kume ilə görüş planlaşdırılır.

Digər xəbərlər