"İNTER" QIRMIZI DÜYMƏNİ BASDI

"İNTER" QIRMIZI DÜYMƏNİ BASDI
Futbol
12 Mart 2016 - 18:31
Bu gün "İnter Arena"da "İnter" PİK-in yenilənmiş rəsmi saytının təqdimat mərasimi keçirilib.
Klub prezidenti Rəşad Qasımov təqdimata toplaşan qonaqları salamlayıb və tədbir barədə qısa məlumat verib. Cənab Qasımov ötən ilin iyun ayınadək müəyyən çətinliklərlə qarşılaşan "İnter"-in fəaliyyət göstərməsi üçün verilən qərara görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib, komandanın Azərbaycan Beynəlxalq Bankının, eləcə də AzeriCard şirkətinin maliyyə dəstəyi sayəsində respublika çempionatında mübarizəsini davam etdirmək imkanını qazandığını vurğulayıb.

Sonra klub prezidenti saytın açılışını etmək üçün "İnter"in futbolçuları - Ruslan Əmircanov, İlkin Qırtımov və Fuad Bayramovu salona dəvət edib. Futbolçular tədbir iştirakçılarının alqış sədaları altında salona daxil olublar. Qonaqları salamlayan Ruslan Əmircanov, yenilənmiş saytın istifadəçilər tərəfindən bəyəniləcəyinə ümid etdiklərini açıqlayıb. Sonra hər üç futbolçu simvolik qırmızı düyməni basaraq yenilənmiş saytın açılışını elan ediblər.

Futbolçulara təşəkkürünü bildirən cənab Qasımov, qonaqları sayt barədə hazırlanmış videoçarxa baxmağa dəvət edib.

Sonra klubun mətbuat katibi Səbuhi Məmmədov yenilənmiş sayt haqqında ətraflı məlumat verib.

Digər xəbərlər