PARLAYAN ULDUZ

PARLAYAN ULDUZ
Atletika, Digər, Ulduz
04 Mart 2009 - 10:10


Kim bilir, bəlkə də o, gələcəkdə dünyaca məşhur atlet olacaq. Artıq o, ölkəmizlə yanaşı, beynəlxalq arenada parlayan simalardan birinə çevrilib.


Məşqə başlayanda kim deyə bilərdi ki, gələcəyi belə parlaq olacaq. Yeniyetmələr, gənclər arasında mötəbər yarışlarda bir sıra uğurlara imza atıb. Böyüklər arasında dünya çempionatının finalçıları sırasına düşüb. Baxmayaraq ki, hazırda çox gəncdir, 19 yaşındadır. Söhbət atletika üzrə gənclər arasında Avropa çempionu Ramil Quliyevdən gedir.

"Neftçi" İdman Sağlamlıq Mərkəzinin yetirməsi, Pekin Olimpiadasının iştirakçısı bu günlərdə Türkiyənin "Fənərbağça" klubu ilə müqavilə bağlayıb. Dünyanın tanınmış telekanalı “Eurosport” böyüklərin son dünya çempionatından sonra Ramili istedadlı idmançı kimi xarakterizə edib.

“Bu yarımfinal digərindən güclü idi. Hansı ki, burada Bolt qaçırdı. Burada gümüş və bürünc medala layiq idmançılar vardı. Ramil Quliyev nəinki yaxşı təsir bağışladı, hətta əsl peşəkarlıq göstərdi”.

"Əvvəllər üzgüçülük, idman gimnastikası ilə məşğul olmuşam. Sonradan atletikanı seçməklə valideynlərimin yolunu davam etdirmək qərarına gəldim. Atam idman ustasıdır. Qardaşım əvvəlcə bu idmanla məşğul olsa da, sonradan aralanıb. Özümə gəlincə, 7 ildir atletikayla məşğulam. İlk məşqçim mütəxəssis Tofiq Əliyevlə atam Eldar Quliyev olub. Hazırkı çalışdırıcım isə atamla Oleq Muxindir. Atletikaya yenicə başladığım illərdə respublikada öz yaşıdlarımı geridə qoymaqla birinci oldum. Ardından yeniyetmələr arasında dünya çempionatına yollandım və gümüş medal qazandım" deyə, çempion bildirib.

Ramil Quliyevin kumiri yamaykalı atlet Useyn Boltdur və çox istəyir ki, onun kimi məşhur idmançı olsun: "Üçqat olimpiya və dünya çempionu Useyn Bolt dünyada ən sürətli adamdır. Onun kimi nəticələr qazanmağın çətin olduğunu yaxşı dərk edirəm. Amma həyatda əlçatmaz heç nə yoxdur. Təbii ki, bunun üçün illərlə ciddi çalışmaq, böyük zəhmət sərf etmək lazımdır". 

Onun ən böyuk arzusu Olimpiya çempionu olmaqdır: "Hər bir idmançı belə uğur qazanmaq istəyir. Yaxşı anlayıram ki, buna nail olmaq çox çətindir. Ancaq heç nədən çəkinmirəm. Mən atletika ilə yaşayıram və arzuma çatmaq üçün bütün çətinliklərə sinə gərməyə və zəhmətə qatlaşmağa hazıram. Sistemli şəkildə hazırlaşıram və hər il uğurlu nəticələr qazanıram. Gündə iki dəfə 3-4 saatlıq məşq olur. Hazırlıq prosesi ağır olsa da, həvəslə çalışıram, yorğunluğu hiss etmirəm. Uğurlu nəticələr qazanmaq üçün səylə məşqlər etmək vacibdir. Mən hələ gəncəm, cəmi 19 yaşım var, təcrübə toplamaq lazımdır. Adətən bu idman növündə 23-25 yaşlarında daha böyük uğurlar qazanmaq mümkündür. Hər şey qarşıdadır. Yayda keçiriləcək böyüklərin Avropa çempionatında uğur qazanmaq istəyirəm". 

Azərbaycanda bu idman növünə marağın çox az olduğunu deyən atletikamızın parlayan ulduzu, bunu təəssüf hissi ilə qeyd edib:

"Ölkə çempionatında rəqabət zəifdir. Əfsuslar olsun ki, bu, reallıqdır. Bu idman növünün kütləvi olması üçün səylə çalışmaq lazımdır. Bizdə güləş, boks və s. idman növlərinə maraq böyükdür. Əksər ölkələrdə isə atletika xüsusi diqqət mərkəzindədir. Səfərlər zamanı insanların daha çox atletikayla məşğul olduğunun şahidi olmuşam. Ölkəmizdə bu idman növünün güclü təbliğinə ehtiyac duyulur. Mətbuatda atletikaya xüsusi yer verilsə, televiziyada reklam olsa, çox yaxşı olardı". 

Çempion qidalanmaya xüsusi diqqət yetirdiyini, bunun mühüm olduğunu diqqətə çatdırıb:

"Bərpaolunma üçün vitaminizasiya prosesi olur. Xüsusi qidalar qəbul edirəm. Daha çox yüngül yeməklərə üstünlük verirəm. Gündə ən azı bir dəfə sulu yeməkdən faydalanmaq önəmlidir. Qızardılmış qidalardan isə mümkün qədər qaçmaq lazımdır". 

Titullu idmançı sərfəli təkliflər alsa da, bunlardan imtina edib:

"Böyüklər arasında dünya çempionatının final mərhələsində iştirakdan sonra bir çox ölkələrin, xarici medianın böyük maraq dairəsinə düşdüm. 10 dövlətdən təklif aldım. Bunlar sırasında Almaniya, İtaliya, Türkiyə, Rusiya, Serbiya, Bosniya və Herseqovina və başqaları vardı. Avropa sprint üzrə geridədir. Hətta dünya çempionatının final mərhələsində mən istisna olmaqla, qalan 7 idmançı qaradərili idi. İnanın ki, dəvət aldığım ölkələrdən mənə böyük məbləğdə pul, ev və maşın təklif olunmuşdu. Konkret olaraq məbləğ açıqlasam, doğru olmazdı. Bu, şəxsi məsələdir. Vətənimə dərin sevgim olduğundan dəvətlərdən imtina etdim. Dövlətimiz və milli federasiya tərəfindən mənə xüsusi diqqət, qayğı göstərilir".

Milli komandanın baş məşqçisi Məhərrəm Sultanzadə Ramil Quliyevin gələcəyinin parlaq olacağını düşünür:

"2009-cu il atletika üçün çox uğurlu oldu. Komandalar arasında Avropa çempionatında 10 qızıl medal qazandıq. Hayle İbrahimov gənclərin qitə yarışında ikiqat çempion oldu. Ramil Quliyev haqda da xüsusi danışmaq istərdim. Gənclər arasında Avropa çempionu, tələbələrin dünya oyunlarının qalibi və rekordçudur. Universiadada 200 metr məsafəyə qaçışda Ramil göstərdiyi 20.04 saniyə nəticəylə ilin yekunlarına əsasən Avropada böyüklər arasında birinci oldu. O, gənc olsa da, Berlində keçirilən dünya çempionatında peşəkarlıq nümayiş etdirməklə final mərhləsinə çıxdı. Həlledici raundda 8 iştirakçıdan Ramil Quliyev istisna olmaqla digərləri qaradərili idmançılar idi. Həmvətənimiz Fransa təmsilçisini geridə qoymaqla 7-ci oldu. Bir məqamı xüsusi qeyd edim ki, onlar sırasında ən gənc idmançı Ramil idi".

Digər xəbərlər