Hidayət Heydərov da medalsız qaldı

Digər, Cüdo
09 May 2023 - 19:40
Supersport.Az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində ikiqat Avropa çempionu Hidayət Heydərov 1/16 final mərhələsində mübarizəyə qoşulub.
Tanınmış idmançımız əvvəlcə üç mərhələni keçib yarımfinala vəsiqə qazansa da, finala çıxa bilməyib.
Hidayət Heydərov 1/16 finalda Adil Osmanovu (Moldova), 1/8 finalda Cek Yonezukanı (ABŞ), 1/4 finalda Artur Margelidonu (Kanada) məğlub edib, 1/2 finalda italiyalı Manuel Lombardoya uduzub.
Karyerasında üçüncü dəfə dünya çempionatının bürünc medalını qazanmaq şansını davam etdirən Heydərov, üçüncü yer uğrunda görüşdə yaponiyalı altıqat dünya çempionu Soişi Haşimoto ilə qarşılaşıb. Rəqib ipponla qalib gələrək üçüncü olub. Hidayət isə 5-ci yerlə kifayətlənib.
Qeyd edək ki, daha əvvəl kişilərdə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), qadınlarda Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) yarışda medalsız qalıblar.
Çempionat mayın 14-də başa çatacaq.