"Qarabağ"ın azarkeşlərindən həbslə bağlı kəskin etiraz

"Qarabağ"ın azarkeşlərindən həbslə bağlı kəskin etiraz
Futbol
04 Dekabr 2022 - 17:00

Supersport.Az-ın məlumatına görə, "İmarət" Azarkeş Qrupu 2 dekabr 2022-ci il tarixdə keçirilən "Qarabağ" - "Neftçi" oyunundan əvvəl baş verən hadisəylə bağlı bəyanat yayıb.


"2 dekabr 2022-ci il tarixdə keçirilən "Qarabağ" - "Neftçi" matçından əvvəl oyunun keçirildiyi stadiona doğru yürüyüşlə gedən azarkeş qrupumuzun 3 nəfər üzvü pirotexniki vasitədən istifadə etdiyi əsas gətirilərək Nizami Rayon Polis İdarəsinə aparılmışdır.



Bir nəfər üzvümüz polis tərəfindən 500 manat cərimə edilmiş, digər üzvümüz isə Nizami Rayon Məhkəməsi tərəfindən 8 sutka inzibati həbs cəzası almışdır. Tək səbəb oyundan əvvəl azarkeşlərin pirotexniki vasitədən istifadə etməsidir .



"İmarət" Azarkeş Qrupu olaraq, bildirmək istəyirik ki,dünyanın heç bir yerində,heç bir azarkeş stadiona gələrkən fakel yandırdığı üçün yolda saxlanılıb polis bölməsinə aparılmır və ya həbs edilmir.



Bütün bu baş verənlər Azərbaycanda yeni formalaşmağa başlayan Azarkeş qruplarına zərbədir.



Hər kəsi Azarkeş qrupu barədə fikirlərini təkmilləşdirməyə və azarkeşlərə qarşı ədalətli davranmağa dəvət edirik.



Yarandığı gündən üzvləri vətənpərvər gənclərdən ibarət olan "İmarət" Azarkeş Qrupunun hər zaman Azərbaycan dövləti üçün canından keçməyə hazır olan vətəndaşlardan ibarət olmasını 2-ci Qarabağ Müharibəsində də bizlər bir daha sübut etmişik. Eyni zamanda Azərbaycan rəmzlərini üzərində daşıyan polislərimizə hörmətlə yanaşmış, vətəndaş kimi qanunlara tabe olmağı özümüzə borc bilmişik.



Bu cür davam edərsə, onsuz da heç bir gələcək vəd etməyən Azərbaycan futbolunda, o cümlədən heç kəsə lazım olmayan boş tribunalarda bizi görməyəcəksiniz.



Bizim dərdimizin futbol olmadığı zatən hər kəsə bəllidir!"

Digər xəbərlər