Qara Qarayev üstünlüklər haqda - Video

Qara Qarayev üstünlüklər haqda - Video
Futbol, Video
16 Avqust 2022 - 13:33
"Qarabağ"ın futbolçusu Qara Qarayev Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya" (Plzen, Çexiya) ilə Bakıda keçirəcəkləri ilk matç barədə fikirlərini bölüşüb.


Supersport.Az xəbər verir ki, o, oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında meydana qələbə üçün çıxacaqlarını deyib: “İşimizin ciddiliyinin fərqindəyik. Evdə oynayacağıq. Bu dəfə də azarkeşlərimizin etimadını doğrultmağa çalışacağıq. Ev üstünlüyümüz var. Tarixi nəticəni əldə etmək üçün əlimizdən gələni edəcəyik. "Viktoriya" pley-offa çıxıbsa, deməli, xüsusi diqqət edilməli olan nöqtələri var. Çalışacağıq ki, Bakıda 90 dəqiqə üstün oynayan tərəf biz olaq".

Qara bildirib ki, Bakıda havanın istiliyi nəinki rəqibə, Ağdam təmsilçisinə də çətinlik yaradır: "Bizim üçün də Bakının bürküsü çətinlik yaradır. Amma ev amili bu çətinlikdən çıxmağımıza kömək olur. Neçə vaxtdır burdayıq, hava durumuna öyrəşmişik. Polşa, Macarıstanda hava daha sərin idi. Bu mənada burada oynamaq onlara daha çətin olur. Bürkünün bizə də ziyanı var. Amma ev amili bu çətinlikdən çıxmağımıza kömək olur".

Oyunçu komandasının matça hazırlığı barədə bu sözləri deyib: "İşimizə peşəkar yanaşmağa çalışırıq. Ötən qələbədən sonra azarkeşlərin çılğınlığı normaldır. Biz eyforiyaya qapılmırıq, sevinməyə də vaxtımız yoxdur. Baş məşqçinin növbəti oyun üçün tapşırıqlarına əməl etməyə çalışırıq. Həyəcana görə səhv etmək kimi düşüncəmiz yoxdur. Komanda yoldaşlarımızla sabahkı matçın mahiyyətini dərk edirik. Bu, bizə həyəcan yox, məsuliyyət verir. Təmsil etdiyimiz ad var, bunun məsuliyyəti ilə meydana çıxacağıq. Futbolçuların əksəriyyəti Çempionlar Liqasının himni altında meydana çıxmağı gözləyirdi".

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Viktoriya" görüşü saat 20:45-də başlayacaq. Bu komandalar arasında cavab oyunu avqustun 23-ü Çexiyda olacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Digər xəbərlər