Yeni qaydalarla bağlı seminar

Yeni qaydalarla bağlı seminar
Digər, Cüdo
23 Yanvar 2022 - 19:01
Azərbaycan Cüdo Federasiyası (ACF) Beynəlxalq Cüdo Federasiyasının (IJF) 2022 - 2024 olimpiya dövrü üçün elan etdiyi yeni qaydalar haqqında seminarlar təşkil edəcək.

ACF-dən Supersport.Az-a verilən məlumata görə, beynəlxalq dərəcəli hakim Vladimir Nutsubidzenin 24 - 25 yanvarda keçəcəyi seminarlarda hakimlərlə yanaşı, Azərbaycanın yığmalarının məşqçiləri və idmançıları, həmçinin müxtəlif klubların, cəmiyyətlərin və idman komandalarının məşqçiləri iştirak edəcəklər.

İki gün davam edəcək seminarların ilk günü Bakı Olimpiya Stadionunda yerləşən "Neftçi" İdman Klubunun təlim-məşq mərkəzində, ikinci günü isə "Atilla" və "Cüdo 2012" İdman Klublarının təlim-məşq mərkəzlərində təşkil olunacaq.

Seminarların əsas məqsədi hakimlər, məşqçilər və idmançıların IJF-nin tətbiq etdiyi son dəyişikləri mənimsəməsidir.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Vladimir Nutsubidze Avropa, dünya dempionatı və Olimpiya Oyunlarının final mərhələlərini idarə edib. Eyni zamanda, Avropa Cüdo Birliyi 2017-ci ildə onu ən yaxşı kişi hakim seçib.

Digər xəbərlər