AFFA-da dərəbəylik: Elxan Məmmədovun kadrları qurumu rinqə çevirib

AFFA-da dərəbəylik: Elxan Məmmədovun kadrları qurumu rinqə çevirib
Futbol, Eksklüziv
22 Sentyabr 2021 - 09:19

Babək Quliyevin Elçin Məmmədovu yenə əzişdirdiyi bildirilir


AFFA futbolumuzun bərbad vəziyyətdə olmasında ittiham olunur, qınaq obyektinə çevrilib.


Ölkənin bir nömrəli futbol qurumu müxtəlif qalmaqallarla gündəmə gəlib. Bu dəfə də AFFA-nın Hakimlər Komitəsində baş verən hadisələrdir.


Supersport.Az-a daxil olan məlumata görə, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun kadrları bir-birilərini “qırmaqla” özlərini gülünc vəziyyətə salıblar.


Məsələ burasındadır ki, avstriyalı Fritz Stuchlikin rəhbəri olduğu AFFA Hakimlər Komitəsində dərəbəylik hökm sürür, kimlərsə qapazaltına çevrilib.


Bir müddət əvvəl maliyyə fırıldağında adı çəkilən Elçin Məmmədov komitədən kənarlaşdırılmış, əvəzinə əməllərinə görə uzun müddət futboldan kənarda qalmış keçmiş referi Babək Quliyev gətirilmişdi.


İki il əvvəl işsiz olan B.Quliyev şəxsi münaqişə zəminində komitə üzvü olan E.Məmmədovu AFFA-da kötəkləmişdi. Bundan xəbər tutan Elxan Məmmədov davakarları ciddi tənbeh etmişdi. Lakin görünür onlar bundan dərs çıxarmayıblar.


Elçin Məmmədovun əvəzinə hazırda komitədə çalışan Babək Quliyevin yenə də köhnə şakərindən qalmadığı bildirilir. Bir müddət əvvəl Quliyev yenidən AFFA-nın inzibati binasında Məmmədovu rinqə çağırıb. B.Quliyevlə E.Məmmədov arasında yenə münaqişə baş verdiyi iddia olunur. Quliyev futzal hakimləri, hakim-inspektorları üçün keçirilən seminar zamanı Məmmədovun yersiz danışmasını əsas gətirərək, onu “başa salmaq” qərarına gəlib. Bu zaman onları çətinliklə sakitləşdiriblər. Bundan sonra Hakimlər Komitəsi, təlimatçı Elçin Məmmədova tapşırdığı işi beynəlxalq hakim-inspektor Elçin Səmədliyə həvalə edib.


B.Quliyevlə E.Məmmədov qalmaqalın olduğunu təsdiq etməyib. AFFA-nın mətbuat xidməti rəhbəri Firuz Abdulla isə telefon zənglərimizə cavab verməyib.


AFFA Hakimlər Komitəsinin avstriyalı rəhbəri Fritz Stuchlik və komandasının bəd əməlləri bitib tükənmək bilmir. F.Ştuxlik, necə ədalət təmsilçisiniz, UEFA-nın ölkəmizə göndərdiyi necə peşəkarsınız ki, mütəxəssləri düşmən elan etmisiniz, keçmişi qaranlıq olanların əksəriyyətini ətrafınıza toplamısınız? Cavab verin görək, ömrünün 46 ilini futbola fəda edən AFFA-nın 59 yaşlı aparıcı mütəxəssisini, veteran Şahin Cəfərovu niyə kənarda qoymusunuz? Hansı əsasla hakim-inspektorların ötən ilki imtahanında maksimum nəticə göstərən Ş.Cəfərovu 1 ildir oyunlardan təcrid etmisiniz?


Ştuxlik, nəyə görə ölkənin bir nömrəli futbol hakimi, FİFA referisi Əliyar Ağayevə Premyer Liqanın ilk turunda baş hakim olaraq təyinat verilməyib? Bizə çatan məlumata görə, sizin əsas məqsədləriniz sırasında istedadı ilə seçilən referimizi də “sındırmaq”dır. Əliyar Ağayev də, Rəhim Həsənov və başqa mütəxəssislər kimi komitədən inciyib hakimliyi tərk etsə, kim cavab verəcək: Sən, yoxsa Elxan Məmmədov?


Rəhim Həsənov bəyan edib ki, hazırki komitədə işləmək istəmir. Niyə? Keçmişi qaranlıq olan əksər komitə üzvləri nə işlə məşğuldurlar?


Ştuxlik, çörəyini yediyin ölkə Azərbaycana da niyə hörmətsizlik edirsən? Premyer Liqa hakimlərinin qarşısına ingilis dilini bilməsi tələbini qoyursan, hətta onları kənarlaşdırırsan da: Vüqar Bayramov, Səbuhi Bayramov və başqalarını. Unutma ki, referilərimiz Azərbaycan çempionatında idarəçilik edirlər, İngiltərədə yox.


Avstriyada dövlət dilinə hörmətsizlik etsəydin, səni daşa basardılar Ştuxlik.


Niyə təcrübəli hakimləri, hakim-inspektorları komitədən iyrəndirmisiniz?


Fariz Yusifov, Rəhim Həsənov, Orxan Məmmədov, Ruhulla Kərimov və başqalarını.


Hələ bu azmış kimi futbolu həyatının ayrılmaz hissəsinə çevirən veteranlardan Asif Əliyev, Maşallah Əhmədov, Kərim Ağayev və digərlərini AFFA nümayəndəliyindən kənarda qoyursunuz, bura da özünüzə sərf edənləri gətirirsiniz.


Niyə Xaqani Məmmədov kimi mütəxəssisləri də dəvət etmirsiniz?


Mübariz

Digər xəbərlər