Supersport.Az-a eksklüziv müsahibəsində Azərbaycan milli komandasının keçmiş baş məşqçisi, “Araz-Naxçıvan”ın əsas çalışdırıcısı Əsgər Abdullayev futbolumuzun mövcud vəziyyətiylə bağlı sualları cavablandırıb.
Təcrübəli mütəxəssis “Tribuna” rubrikasında maraqlı məqamlara toxunub.
– Azərbaycan yığmasının beynəlxalq yarışların final mərhələsində iştirakı illərdir söz olaraq qalır. Sizcə, dünya çempionatının seçmə raundunda bu istəyi reallaşdırmaq mümkündürmü?
– Əlbəttə ki, bu hamımızın istəyi, arzusu, gözlədiyi gündür. Ancaq yaddan çıxarmaq olmaz ki, dünyada məğlubedilməz komanda yoxdur. Qrupda rəqiblər Portuqaliya, Serbiya, İrlandiya, Lüksemburq yığmalarıdır. Final mərhələsinə vəsiqə qazanmaq asan deyil. Bizə çox çətin ola bilər. Bununla belə bu demək deyil ki, mümkünsüzdür. Qrup səddini keçmək düşündüyümüz qədər asan olmayacaq.
– Millimizin Millətlər Liqasında çıxışına necə qiymət verərdiniz?
– Qənaətbəxş, kafi də demək olar. Millidən hər halda, daha yaxşı oyun gözləsək də, əslində bunu görmədik.
– Sizcə, AFFA niyə yerli yox, əcnəbi məşqçilərə üstünlük verir? Bizimkilərə hansı səbəbdən güvənmir?
– Mən həmişə deyirəm ki, yerli mütəxəssislərə millidə çalışmaq həm şərəfdir, həm də məsuliyyətdir. Gələn əcnəbi məşqçilər reklam olmaqla yanaşı, maddi cəhətdir. Mən deyə bilmərəm ki, niyə bu məşqçini gətiriblər? Əslində bir çox ölkələrin yığma komandalarında əcnəbi mütəxəssislər var. Mənim aləmimdə məşqçi həmkarını müzakirə etməməliidr. Lakin kimliyindən asılı olmayaraq, millidə işləyən çalışdırıcılar böyük məsuliyyət daşıdıqlarını dərk etməlidirlər.
– “Qarabağ”ın əsas çalışdırıcısı Qurban Qurbanov millidə fəaliyyət göstərərkən italiyalı baş məşqçi Canni De Byazidən daha çox xal toplamışdı. Yerli mütəxəssislə yolları ayıran AFFA hazırda əcnəbi məşqçini vəzifəsində saxlamaq niyyətindədir.
– Qurbanın vaxtında millimizin oyunu daha çox xoşuma gəlirdi, nəinki indi. Qəti olaraq bu barədə fikrimi bildirirəm. Hər halda, hazırki məşqçini də müzakirə etməyi düzgün hesab etmirəm. Yığmanın son çıxışını, uzun müddət pandemiya səbəbindən oyunların keçirilməməsiylə, yeni çalışdırıcının futbolçuları yaxşı tanımamasıyla əlaqələndirərdim. Yaxın gələcəkdə millinin necə nəticə göstərəcəyini görəcəyik.
– Milliyə futbolçu seçimindən razısınızmı?
– Hər məşqçinin baxışı, seçimi olur. Məşqçini uğurunda tərifləyir, uğursuzluğunda tənqid edirlər. Rəqabət az, futbolçu seçimi məhdud olanda nəticəyə mənfi təsiri olur. Belə deyək ki, əsgərlərin sayı çox olduqda döyüşdə qələbə qazanmaq şansın artır. Azlıq olduqda qalib gəlmək asan olmur.
– Bu gün elə futbolçu varmı ki, milliyə layiq olduğu halda kənarda qalıb?
– Mənim fikrim özüm üçün önəmlidir, kimin üçünsə mühüm deyil. Hər məşqçinin öz düşüncəsi, müqayisəsi olur. Dünyada belə şey yoxdur ki, məşqçi məşqçini müzakirə etsin. Millinin baş məşqçisinin təcrübəsi var, futbolu bilir, böyük komandalarda işləyib. Mən ona ağıl verəsi deyiləm.
Bir daha deyirəm ki, futbolçu seçimi məhduddur. Bu da baş məşqçinin işini çətinləşdirir.
– Yığmada hansı mövqelər sizi narahat edir?
– Millidə hər bir mövqedə problem var. Səhv etmirəmsə, son 4 oyunda qol buraxmadı. Lakin bu, müdafiəçilərin yüksək səviyyədə olmasından xəbər vermir. Müdafiəçinin fərdi, bir də komanda oyunu olur. Komanda kollektiv şəkildə müdafiə oluna bilməsə, yəqin ki, qol buraxar. Millimiz son oyunlarda komanda olaraq yaxşı müdafiə olundu. Hücumda isə bu, hiss olunmur. Son oyunlarda qol buraxmamaq o demək deyil ki, müdafiədə hər şey əladır. Unutmaq olmaz ki, bir çox səhvlər var. Nisbətən müdafiə hücumdan fərqlidir. Ancaq bu, futbolda böyük nəticə deyil.
– Premyer Liqamızı izləyirsinizmi?
– Bəli, oyunlar məşqlərimlə üst-üstə düşməyəndə baxıram.
– Çempionatımızda çatışmayan cəhətlər hansılardır?
– Böyük rəqabət yoxdur. Lider də məlumdur, autsayder də. Rəqabətin, çempionatın istənilən səviyyədə olmaması aydın görünür. Bölgə futbolunun premyer liqadan kənarda qalması öz sözünü deyir. Həmişə fikirləşirik ki, “Qarabağ” birinci olacaq. Bu komandaya yaxın rəqib “Neftçi”ni söyləyə bilərik. Əksər klublar “Qarabağ”a rəqib deyil. Ağdam komandasının oyunçu seçimində, futbolçularının səviyyəsi baxımından fərqləndiyi, rəqiblərindən bir baş üstünlüyü görünür. Əvvəllər 4-5 klub çempionluq uğrunda mübarizə aparırdı. İndi neçə komanda belə yarışır? Bir-iki. Çempionluq mübarizəsi “Qarabağ”la “Neftçi” arasında gedir.
– “Qarabağ” uzun illərdir “Neftçi”yə çempion olmağa imkan vermir. Paytaxt klubuna məsləhət vermək istərdiniz?
– “Neftçi”ni həmişə sevmişəm, 15 il bu komandada oynamışam. Bu klub mənimdir, digərləri bizimdir. Belə nöqteyi-nəzərdən “Neftçi”nin uğurlarını özümünkü hesab edirəm. Bu gün Bakı klubu Ağdam komandasına 100 faizlik rəqib deyil.
– Bu, büdcəylə, baş məşqçi, futbolçu seçimiylə bağlıdır?
– Məsəl var ki, generalı general edən əsgərlərdir. Əlbəttə ki, “Qarabağ” oyunçu seçimində üstündür. Bunda Qurban Qurbanovun əməyinə ləkə vurmaq istəmirəm. O, sözünü deyən məşqçidir. Böyük hörmət bəsləyirəm ona. Həm insan, həm də məşqçi kimi. “Qarabağ”da iş daha düzgün gedir. Komanda nəinki ölkədə, Avropada uğurlu, layiqincə çıxış edir, sözünü deyə bilir.
– Vaxtilə çempionatımızda 26 komanda mübarizə apardığı halda, indi iştirakçı sayının 8 olmasında əksər futbol adamları AFFA-nı günahlandırırlar.
– Region komandalarının premyer liqada olmaması futbolumuza mənfi təsirini göstərir. Mütləq bölgə klubları elitada iştirak etməlidir. Səhv etmirəmsə, birinci divizionda 4 region komandası yarışır. Bəs, digərləri nə etməlidir? Bölgələrdə komandalar, futbolçular nə qədər çox olsa, yığmalarımıza da faydalı olar. Uğursuzluq olanda dərhal məşqçi günahlandırılır. Oyunçuların seçimi az olanda mütəxəssislər də çətinliklə üzləşirlər. Buna görə məşqçiləri qınamaq olmaz. 26 komanda olmasa da, premyer liqada 18 klub mübarizə aparmalıdır ki, rəqabət artsın, oyunçular kənarda qalmasın, futbolçuların yetişməsi sürətlənsin. Çox sayda futbolçular qıraqda qalır.
– Legionerlərin səviyyəsi barədə fikriniz necədir?
– Çempionatın səviyyəsindən çox şey asılıdır. Böyük rəqabət yoxdursa, nədən danışmaq olar? Legionerlər ola bilsin ki, səviyyəli futbolçulardır. Ancaq onlar 100 yox, 50 faiz oynayanda nəticə verirsə, güclərini bu qədər sərf edirlər. “Qarabağ” çempionatdakı kimi Avropa yarışında oynasa, necə olar? Əcnəbi futbolçular beynəlxalq oyunlarda özlərini daha çox göstərmək istəyirlər ki, titulu çox olan kluba dəvət alsınlar, hərtərəfli qazansınlar. Hər bir oyunçu, İngiltərə, İspaniya, İtaliya, Türkiyə və başqa səviyyəli çempionatlarda oynamaq arzusundadır.
Anar Cəfərsoy, Süleyman Kərimov