Çingiz Hüseynzadə istefa verdi, Cavid Qurbanov seçildi

Çingiz Hüseynzadə istefa verdi, Cavid Qurbanov seçildi
Atletika, Digər
01 Aprel 2023 - 20:39

Aprelin 1-də Azərbaycan Atletika Federasiyasının növbədənkənar ümumi yığıncağı keçirilib. Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb. Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.




Supersport.Az-ın məlumatına görə, yığıncağın gündəliyi təsdiqləndikdən sonra federasiyanın prezidenti Çingiz Hüseynzadə hesabat məruzəsi ilə çıxış edib və səsvermə ilə hesabat qəbul olunub. Sonra Çingiz Hüseynzadə 1996-cı ildən federasiyaya rəhbərlik etdiyini qeyd edib və Olimpiya Hərəkatındakı fəaliyyətinə daha çox diqqət ayırmaq məqsədilə vəzifəsindən istefa verdiyini bildirib: "Federasiyadan istefa versəm də idmandan getmirəm".



Səsvermə ilə Ç.Hüseynzadənin istefası qəbul edilib. Sonra federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov Azərbaycan Atletika Federasiyasının yeni prezidenti seçilib. C.Qurbanov göstərilən etimada görə təşəkkür edib və bildirib ki, bundan sonra atletikanın inkişafı üçün əlindən gələni edəcək. O həmçinin federasiyanın bundan əvvəlki rəhbərliyinə də ötən dövrdəki fəaliyyətinə görə təşəkkür edib.



Yığıncaqda həmçinin Müşfiq Tukanov və Könül Nurullayeva vitse-prezident, Şəlalə Yaqubova, Bülənt Karani, Nazim Babayev və Rauf Qasımzadə İdarə Heyətinin üzvü seçiliblər.

Digər xəbərlər