"Traktor"un 212 min azarkeşi 18 dəqiqə dayanmadan dünya rekordu vurdu - Video

Supersport.Az Cənubi Azərbaycanın "Traktor" Futbol Klubunun 55 illik tarixində ilk dəfə İran çempionluğunu qeyd edərkən azarkeşlərinin dünya rekordu vurduğu məqamın eksklüziv videogörüntüsünü təqdim edir.
"Traktor" azarkeşlərinin Təbrizin "Səhənd" stadionunda çempionluq kuboku təqdim olunan zaman eyni anda alqış etməsi və şeir oxuması üzrə dünya rekordu Sirous Paledinin ideyası ilə qırılıb.
Təbrizdə 16 May 2025-ci il tarixində "Traktor" Futbol Klubunun möhtəşəm çempionluq mərasimində klubun rəsmi açıqlamasına əsasən, Təbiz Yadigar-i İmam stadionunda 112.742 coşqulu azarkeş və stadion xaricində təxminən 100.000 nəfər fanatın birgə, sinxron şəkildə alqışlaması və şeir oxuması ilə dünya futbol azarkeşliyində tarixi və bənzərsiz bir an qeydə alınıb.
Bu yaddaqalan tarixi hadisə Futbolda Ağıllı Hakimlik Sisteminin ixtiraçısı və İran Milli Elitlər Fondunun üzvü olan Sirous Paledinin ideyası ilə həyata keçib. Daha əvvəl FIFA-nı inqilabi ixtirası ilə təəccübləndirən və iki qızıl medal qazanan Sirus Paledi, "Traktor" azarkeşlərinin coşqusu içində bir daha göstərib ki, fərqli düşüncə necə qlobal və ilhamverici anlar yaşada bilər.
Supersport.Az-a açıqlamasında Sirous Paledi tarixi hadisə haqda belə deyib.
“Guinness dünya rekordunun daha öncə Charlie Chaplin-ə Oskar təqdimatında verilən 12 dəqiqəlik alqışa aid olduğunu bildiyim üçün, "Traktor"un çempionluğu təsdiqlənən anda bu ideya ağlıma gəldi. "Traktor" azarkeşlərinin gücünə inandığım üçün bu rekordu iranlıların əlləri ilə "Traktor"un adına qırmaq istədim. Allaha şükür ki, bu baxımdan "Traxtor"umuz tarix yazdı.
"Traktor" azarkeşlərinin bu möhtəşəm və həmrəy hərəkəti yalnız İran futbolunun kollektiv yaddaşında bir mədəniyyət və idman simvolu olaraq qalmaqla kifayətlənməyib, eyni zamanda dünya miqyasında alqış rekordunu da qırıb. Hazırda bu hadisə futbol dünyasında azarkeşlərin ən böyük, uzunmüddətli sinxron alqışı və şeir oxuması kimi Guinness Dünya Rekordlarına təqdim olunub və qlobal ictimaiyyətin diqqətini cəlb edib".
Qeyd edək ki, əvvəlki alqış rekordu Charlie Chaplin-ə aid 12 dəqiqə idi. "Traktor" azarkeşləri bu rekordu 18 dəqiqə 50 saniyəlik alqışla qırıb və 21 May 2025-ci il tarixində Guinness Rekordlar Kitabına təqdim olunması üçün sənədləşdirilib.