Beynəlxalq qurumdan Azərbaycana xüsusi diqqət

Digər, Cüdo
22 Fevral 2023 - 16:21
Supersport.Az-ın məlumatına görə, Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytında Azərbaycanda keçirilən cüdo məşqçiliyi sertifikatı proqramı ilə bağlı məqalə yayımlanıb.
"Azərbaycan Cüdo Federasiyası (ACF) ölkədə cüdo idman növünün inkişafı istiqamətində silsilə tədbirlər görməkdə davam edir. Bu istiqamətdə görülən işlərin ən önəmlisi də məşqçilərin peşəkar inkişafıdır. Belə ki, 2022-ci ilin mart ayından ACF Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyası ilə əməkdaşlığa start verdi və il boyu məşqçilər akademiyanın ekspertləri tərəfindən keçirilən seminarlarda və praktiki təlimlərdə iştirak etdilər.
6-18 fevralda BCF Akademiyasının ekspertləri cüdo məşqçilik sertifikat proqramını həyata keçirilməsi üçün Azərbaycana səfər etdilər. ACF 79 cüdo məşqçisinin proqramda iştirak etməsini təmin etdi. Buna görə də ilk dəfə olaraq yekun seminar və imtahan sırf bir ölkənin məşqçiləri üçün təşkil olundu. Proqramın həyata keçirilməsi üçün Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi ilə əməkdaşlıq quruldu.
MOK-un, ACF-in və BCF-in birgə əməkdaşlığı nəticəsində 14 gün ərzində məşqçilər müvafiq sertifikatı əldə etmək məqsədi ilə BCF-in Akademiyasının direktoru Envik Qalea, Akademiyanın proqram rəhbəri Dr. Tibor Kozsla, Akademiyanın idman direktoru Daniel Laskau və digər ekspertlər tərəfindən keçirilən təlimlərdə və imtahanda iştirak etdilər. 68 məşqçi imtahanı uğurla başa vuraraq BCF Akademiyasının cüdo məşqçiliyi sertifikatına yiyələndilər.
ACF-in baş katibi Rəşad Rəsullu açılış mərasimində proqramın həyata keçirilməsinə görə BCF-in prezidenti Marius Vizer başda olmaqla, Akademiyanın ekspertlərinə və MOK-a təşəkkür edib:
"Məşqçilərimiz bu proqramda əldə etdikləri bilik və bacarıqlarından daha sonra məşq keçdikləri zallarda yararlanacaq və bununla da Azərbaycan cüdosunun inkişafına öz töhfələrini verəcəklər. Bu ilin mart ayından etibarən daha 55 cüdo məşqçisi Akademiyada təhsilə başlayacaq".


“Biz Azərbaycana xüsusi diqqət ayırırıq. Artıq 4 dəfə Azərbaycana məşqçiləri hazırlamaq üçün ekspertlər səfər ediblər. Əsas prinsipimiz məşqçilərə imtahanı məhz uğurla keçməkdə kömək etməkdir. Burada olan bütün məşqçilər yaxşıdır, lakin daha yaxşı məşqçi olmaq üçün 100 əsas katanı bilmək xüsusi önəm kəsb edir”, - BCF-in Akademiyasının direktoru Envik Qalea çıxışında bildirib.
Daniel Laskaunun sözlərinə görə cüdonun inkişafı üçün ölkədə həyata keçirilən fəaliyyətlər hər bir səviyyədə inkişafa təkan verəcək: “ACF bütün səviyyələrdə cüdonun inkişafına diqqət yetirir, bura həmçinin uşaqlar, yeniyetmələr və komandanın hər bir idmançısına fərdi yanaşma aiddir. Dövlətin idmana münasibəti də önəmlidir. Azərbaycan isə bu məsələdə ön sıralardadır.”
AJF-in məqsədi Akademiyanın məşqçilərə verdiyi fayda ilə yanaşı, həmçinin ekspertlərin təcrübəsindən də yararlanmaqdır. Belə ki, BCF-in eksperti və Olimpiya çempionu Tina Trestinyak Azərbaycanda olduğu müddətdə yeniyetmə oğlanlardan ibarət milli yığmanın üzvlərinə, həmçinin cüdoçu qızlara ustad dərsləri keçirtdi. O, bir sıra cüdo texnikasını, xüsusi ilə də beynəlxalq turnirlərdə və Olimpiya Oyunlarında istifadə edərək qalib gəldiyi fəndləri idmançılara nümayiş edib. Olimpiya çempionunun fikrincə, idmançılar sırasında potensiallı böyük olan qızlar var və onlar təcrübə toplayaraq, gələcəkdə daha da peşəkar idmançı olacaqlar və beynəlxalq səviyyədə nəticə əldə edəcəklər.

BCF-in Akademiyasının ekspertləri Azərbaycanda olduğu müddətdə əməkdaşlıq məqsədi ilə MOK-un, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının nümayəndələri ilə görüşüblər".

Azeri Coaches Benefit from The IJF Academy