AFFA rəhbərliyinin Santuşu millidən qovmaq planı - Eksklüziv

Supersport.Az-ın əldə etdiyi məlumata görə, AFFA rəhbərliyi Azərbaycanın futbol yığmasının baş məşqçisi Fernando Santosla yolları ayırmaq istəyindədir.
Portuqaliyalı məşqçinin başçılığı altında Azərbaycan millisi 8 oyunun 7-də məğlub olub, 1 xal toplayıb. UEFA Millətlər Liqasında ən aşağı liqaya yuvarlanıb. AFFA "bir qəpiklik" yığmalara 15 milyon manatdan çox xərcləyib.
AFFA İcraiyyə Komitəsi üzvləri Azərbaycan milli komandasının Haiti və Belarus yığmaları ilə yoldaşlıq oyunlarını dəyərləndiriblər. Onlar Azərbaycan milli komandasının oyununun və nəticələrinin qənaətbəxş olmadığını vurğulayıblar.
AFFA prezidenti Rövşən Nəcəf milli komandanın baş məşqçisi Fernandu Santuşla görüşdüyünü, onun qarşısına qoyulan hədəflərin dəyişilməz olaraq qaldığını qeyd edib.
AFFA-nın bir illik hesabat konfransına 70 yaşlı Fernando Santuş gəlmədi. Qurum prezidenti Rövşən Nəcəf millinin uğursuz çıxışını etiraf etdi, narazılıqlarını Fernando Santosa çatdırdıqlarını bildirdi. AFFA rəhbərliyi bir müddətdir Santuşu istefaya göndərmək istəsə də, portuqaliyalı məşqçi öz istəyilə ayrılmaq istəmir. Bu da futbol qurumunun işini ağırlaşdırır ona görə ki, 70 yaşlı Santuşu yola salmağa qərar verilsə, AFFA böyük məbləğdə təzminat ödəməlidir. Fernandu Santuş ötən ilin iyununda AFFA ilə 3+1 illik müqavilə imzalayıb.
Santuşun rəhbərliyində Azərbaycan yığmasının çıxışı biabırçılıqdır. Bəlkə baş məşqçi utandığından hesabat konfransına gəlməyib və ya AFFA-nın səriştəsiz rəhbərliyi fiasko olduğundan gəlişini düzgün hesab etməyib.
Qurumun mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli Fernandu Santuşun Azərbaycan milli komandasının baş məşqçisi postunda fəaliyyətini davam etdirdiyini, müqavilənin ləğv olunmadığını bildirib.
E.Məmmədli F.Santuşun hesabat konfransına gəlməməsinin səbəbinin belə olduğunu deyib:
"Fernandu Santuş öncədən AFFA-ya məlumat vermişdi ki, şəxsi işləri ilə əlaqədar aprelin 11-də Bakıda olmayacaq".
AFFA-nın Santuşla müqavilənin maliyyə şərtlərini gizlətməsi şəffaflıq məsələsində şübhə yaradır. Halbuki başqa ölkələŕdə federasiyalar, klublar, məşqçilər və futbolçularla kontraktların məbləğini ictimaiyyətə açıqlayırlar.
Azərbaycan Hesablama Palatası bir neçə dəfə Gənclər və İdman Nazirliyinin fəaliyyətində maliyyə saxtakarlığı aşkar edib.
Dövlətin müvafiq qurumları AFFA-da da maliyyə yoxlaması aparsa, hər şey ortaya çıxardı.
"Beşiktaş"ın açıqlamasına görə, Fernando Santosu vəzifəyə gətirdikləri 09.01.2024-14.04.2024 dönəmi üçün 865 bin 487 avro ödənilib. Santosa təzminatı olaraq 500 min avro verilib.
AFFA-nın uğursuz baş məşqçiyə illik azı 4 milyon manat ödəyəcəyi söylənilir.
AFFA-nın iyun ayında Azərbaycan yığmasının səfərdə Latviya, evdə isə Macarıstan seçmə komandasıyla yoxlama oyununda baş məşqçi Fernando Santosa son dəfə şans verəcəyi və bu matçların nəticəsinə əsasən qərar verəcəyi bildirilir.
Xatırladaq ki, AFFA hazırda Santuşun yerinə yeni baş məşqçi gətirmək axtarışındadır. Qurumun "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov, həmçinin Türkiyə yığmasının keçmiş məşqçisi Abdullah Avcıyla maraqlandığı bildirilir.