Bakıdakı yarışda ermənilərlə fransızlar iştirak etməyəcək: "Ermənilər zəifdirlər"

Bakıda təşkil olunacaq cüdo üzrə "Böyük Dəbilqə" turnirində dünyanın məşhur idmançıları da mübarizə aparacaq.
Dünyanın ən güclü komandalarından biri olan Yaponiya da əsas heyəti ilə, dünya, olimpiya çempionlarıyla Azərbaycandakı yarışa qatılacaq.
Supersport.Az-ın əldə etdiyi məlumata görə, Fransa, Ermənistan və başqa ölkələrin təmsilçiləri Azərbaycanda keçiriləcək beynəlxalq yarışda iştirak etməyəcəklər.
Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Supersport.Az-a açıqlamasında adıçəkilən iki ölkənin Bakıdakı turnirdə təmsil olunmayacağının səbəbi haqda məlumatsız olduğunu bildirib.
"Ermənilərlə fransızların Bakıdakı yarışda iştirak etməməsinin səbəbi barədə bizdə məlumat yoxdur. Fransa idmançıları hər zaman ölkəmizdəki turnirlərə aktiv qatılıblar. Yəqin ki, bu ölkə hazırlıq planına uyğun olmadığından Bakıdakı yarışda təmsil olunmayacaq. Bir müddət əvvəl Parisdə "Böyük Dəbilqə" turniri keçirilib. Bəlkə bütün fransız idmançıları həmin yarışda iştirak etdiyindən və plana daxil olmadığına görə Bakıya gəlməyiblər.
Ermənilərin cüdo yığması isə zəif olduğundan demək olar ki, "Grand Slam" kimi səviyyəli yarışlarda iştirak etmir. Buna görə də, onların Bakıdakı turnirə qatılmaması cüdosu üçün normal vəziyyətdir. Çünki Ermənistanda cüdo güclü inkişaf etməyib".
Qeyd edək ki, Bakı "Böyük Dəbilqə" turniri fevralın 14-16 tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək. Yarışda 38 ölkənin 275 cüdoçusu mübarizə aparacaq.